Azərbaycanın tanınmış saç ustası Elbəy Ağayevin “ELBEY Global Masterclass 2026” adlı tədbiri keçirilib.
OLAY yazır ki, master-klass paytaxtın məşhur məkanlarının birində baş tutub.
Saç rəngləmə texnikalarının öyrədildiyi tədbirdə 331 nəfər iştirak edib. İştirakçıların arasında Rusiya, Gürcüstan, Qazaxıstan və digər qonşu ölkələrdən gələn qonaqlar yer alıb.
Tanınmış kolorist tədbir başlamazdan əvvəl yerli medianın suallarını cavablandırıb.
E. Ağayev tədbirin əhəmiyyətindən söz açıb:
“Biz əlimizdən gəldiyi qədər Azərbaycanın adını daha uca zirvələrdə tanıtmağa çalışırıq. Saç ustalığı sıradan bir sənət deyil. Əvvəllər təhsil almaq üçün xarici ölkələrə gedirdik. Artıq qlobal master-klass Azərbaycandadır. Sevindirici haldır ki, bir çox ölkədən nümayəndələr bu gün keçirdiyimiz master-klassda iştirak edir. Bu, bizim üçün böyük uğurdur. Fürsətdən istifadə edərək onların hər birinə təşəkkür edirəm”.
Saç ustası həmçinin növbəti hədəfinin Dubayda master-klass keçirmək olduğunu vurğulayıb:
“Bundan əvvəl Elbəy olaraq başqa bir şirkətlə birlikdə ölkə xaricində kiçik master-klasslarımız keçirilib. Böyük bir layihəmiz var. Bu dəfə hədəfimiz Azərbaycanın hüdudlarından kənara çıxmaqdır. Layihə gələn il — 2027-ci ildə Dubayda reallaşacaq”.
Master-klass zamanı Elbəy səhnədə model üzərində bir çox xüsusi texnikaları iştirakçılarla bölüşüb. O, xanım modelin saçı üzərindəki uğurlu nəticəni səhnədə nümayiş etdirib.
Həmçinin E. Ağayevin saç məhsulları da tədbir zamanı nümayiş olunub. Maraqla qarşılanan master-klass qonaqların rəğbətini qazanıb.