Bollivudun “He-Man”i kimi tanınan əfsanəvi aktyor Dharmendra bu gün səhər saatlarında Mumbaidəki evində 89 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, bir müddətdir səhhətində ciddi problemlər yaşayan aktyor nəfəs darlığı səbəbilə oktyabrın 31-də “Breach Candy” xəstəxanasına yerləşdirilmişdi. Noyabrın 12-də xəstəxanadan evə buraxılmış, həkimləri onun müalicəsinin ev şəraitində davam edəcəyini bildirmişdi.
24 noyabr 2025-ci ildə aktyorun vəfat xəbəri təsdiqlənəndən dərhal sonra, tanınmış aktyor Aamir Khan Mumbaydakı krematoriyaya gedərək ona son ehtiramını bildirib.
Dharmendra Hind kinosunda 300-dən çox filmə imza atmış, “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək” “Sholay”, “Chupke Chupke”, “Haqeeqat”, “The Burning Train”, “Dharam Veer” kimi klassiklərlə kino tarixində silinməz iz qoymuşdu. O, həm də Bollivudun ən məşhur ekran cütlüklərindən biri olan Hema Malini ilə yaşadığı sevgi hekayəsi ilə yadda qalmışdı.
Onun son ekran işi rejissor Sriram Raghavanın “Ikkis” filmi olacaq. Film 25 dekabr 2025-də nümayiş olunacaq.
Dharmendra arxasında böyük ailə, milyonlarla sevən və altmış illik kino irsi buraxdı. Film dünyası onun gedişini “qızıl dövrün sonu” kimi qiymətləndirir.