Keçmiş türk model və aktrisa Deniz Akkayanın Kocaeli vilayətinin Kartepe rayonunda baş verən mübahisədən sonra saxlanıldığı iddia edilib.

OLAY yazır ki, Akkaya İstanbuldakı evindən ayrıldıqdan sonra Kartepe Maşukiye bölgəsində yaşayan yaxın dostu Kürşat A.-dan kömək istəyib və təxminən 20 gün əvvəl əşyaları ilə birlikdə onun evinə köçüb.

Məlumata görə, Akkayanın evdə qaldığı müddət ərzində tərəflər arasında bir neçə dəfə mübahisə yaşanıb. Dünən axşam isə naməlum səbəbdən yenidən gərginlik yaranıb. Mübahisənin böyüməsi nəticəsində Akkayanın dostuna hücum etdiyi və evdə narahatlıq yaratdığı iddia edilib. Hadisədən sonra Kürşat A. polisə müraciət edib.

Şikayət əsasında hadisə yerinə gələn polis əməkdaşlarının Deniz Akkayanı saxladığı bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir.