Əməkdar artist Cabir İmanovun ötən ilin sentyabrında dünyasını dəyişməsindən sonra onun sağlığında çəkildiyi reklam materiallarının hələ də ictimai məkanlarda qalması müzakirələr doğurub. “Bakı Metropoliteni”nin stansiyalarında, ictimai nəqliyyatda, eləcə də bilbordlarda həmin reklam lövhələrinin yığışdırılması sosial şəbəkə istifadəçilərində müəyyən etirazlar yaradıb.

OLAY yazır ki, bəziləri bu halı düzgün hesab etməyərək vəfat etmiş şəxsin obrazından kommersiya məqsədilə istifadə olunmasını yanlış sayırlar.

Cabir İmanovun reklamına çəkildiyi süd məhsullarını ölkəyə gətirən distribyutor şirkət “Aqro-Vest DC” MMC-dən “Yeni Sabah”a bildirilib ki, mərhum aktyorun xatirəsinə ehtiram əlaməti olaraq reklamlar yayımdan qaldırılmayıb:

“Mərhumla sağlığında həm insani münasibətlərimiz, həm də peşəkar əməkdaşlığımız hər zaman yüksək səviyyədə olub. O, Azərbaycan səhnəsinin və ekranının dəyərli simalarından biri idi. Xatirəsinə ehtiram olaraq onun yer aldığı reklam materiallarını yığışdırmadıq. Bununla yanaşı, mövcud müqavilə şərtlərimiz də var və həmin müqavilə uzunmüddətlidir, aktyorun fotosundan istifadə hüququ üçün əvvəlcədən illik ödəniş edilib.

Məsələ ilə bağlı Tahir İmanov və mərhumun ailə üzvləri ilə müzakirələr aparılıb və reklamların yayımının davam etdirilməsinə etiraz edilmədiyi bildirilib”.

Qeyd edək ki, C.İmanov ötən il sentyabrın 29-da idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyoru xilas etmək mümkün olmayıb. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.