Aparıcı Könül Muxtarova “Space” TV-nin onunla bağlı yaydığı açıqlamaya münasibət bildirib.

Bu barədə Könül OLAY-a açıqlama verib. Aparıcı kanalın verilişin reytinq göstəricilərinin aşağı olması ilə bağlı qeyd etdiyi detallarla bağlı bunları söyləyib:

“Bu mövzuda danışmaq istəmirdim, video paylaşanda anladım ki, hər kəs öz payını götürəcək. Səhər televiziya tərəfindən  verilən gülməli açıqlama gözlənilməz oldu. Ötən həftənin ikinci günündən bildim ki, mənə maaş ayrılmayıb. Halbuki razılaşdırılan bir maaş var idi. İki ay keçmiş, bir ay isə indiki rəhbərliyin dövründə maaş verilməyib. Yeni rəhbərlik də bilirdi ki, maaşım nə qədər müəyyən edilib. Sadəcə zaman lazım idi ki, məzuniyyətə qədər efirdə qalım. May ayının sonuncu cümə günü efiri yekunlaşdırmaq istəyirdim, amma icazə vermədilər. Dedilər ki, bazarertəsi efirə çıx, sonra danışaq. Birinci gün efirə çıxdım, danışdıq. Amma danışıqlarımız alınmadı. Çünki “maaş verə bilmirik”, “iki həftə efirə çıxın, gerisinə baxarıq” kimi fərziyyələrlə efirdə qala bilməzdim.

Hər kəs yaxşı bilir ki, efir bizim üçün müqəddəs yerdir, hamımızın hər zaman efirə ehtiyacı var. Biri var maaş vəd verilə, çalışasan, almayasan. Biri də var ki, desinlər, “biz verə bilmirik, daha sonrasına baxarıq”. Artıq o sözü eşidəndən sonra işləməyim özümə hörmətsizlik olardı. Qaldı ki, reytinq məsələsinə… Keçmiş rəhbərliyin dövründə bir ay, ay yarım reytinqlər gəlib. Necə reytinq vermirdim ki, kanal ikinci yerdə idi. Məndən 1,5 reytinq gözlənilirdi, amma 2.60, 2.80-ə yaxın reytinq verirdim. Absurd bir məsələ isə budur ki, kanala bir ay yarımdır, reytinqlər gəlmir. Yeni rəhbərliyin dövründə reytinq cədvəli təqdim olunmayıb. Belə halda bu sözü demək gülməlidir, necə gözlənilən reytinq verilməyib? Reytinq mövzusu ümumiyyətlə müzakirə olunmur.

Hər kəsin əlində bayraq etdiyi bir mövzu var idi, 3 saat 10 dəqiqəlik efirdə sadəcə sənətdən bəhs olunub, sənət nümayiş etdirilib. İllərdir xalq tərəfindən sevilən Əməkdar və Xalq artistlərinin verilişə gəlməyi mənim üçün maaşdan daha artıq qazanc idi. Hətta onların bir çoxu öz istəkləri ilə gəldilər. Bu, mənim üçün bir şərəf idi. Reytinq bununla ölçülür. Gəlməyən, ödənişi edilməyən reytinqdən danışmayaq, bundan bəhs edək. Kanal rəhbərliyi də deyirdi ki, “təqdim etdiyin veriliş, səviyyə bizim üçün üz ağlığıdır”. Bundan danışmalıyıq. Qarşılıqlı anlaşma olmayıb. Təklif edilib ki, ən yaxşı iki həftə onları idarə edim, çalışsınlar, bəlkə nəsə edələr. Mən də “bəlkə”lərlə, fərziyyələrlə qalıb işləyən aparıcılardan deyiləm. Ona görə dedim ki, efirə çıxa bilməyəcəyəm. Kaş ki, danışmasaydılar. Bizim də bilib danışmadıqlarımız var. Onları danışsaq, necə olar? Adımıza yaraşmaz, ən azından o komanda ilə 3 ay çörək kəsmişik. Orada çalışan uşaqlara hörmət olaraq mənfiləri danışmıramsa, olmayan şeylərdən söz açmasınlar. Mən də olanları danışmayım”.

Qeyd edək ki, Könül ötən gün 3 aydır maaş verilmədiyi açan “Sevilən səhər” verilişinin aparıcılığını etdiyi Space TV-dən ayrldığını açıqlamışdı.