Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
OLAY yazır ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə ilk olaraq zərərçəkmiş tərəfin müdafiəçisi məhkəməyə vəsatət verib.
Vəsatətdə göstərib ki, təqsirləndirilən şəxs İlduzə Hacıyeva sola dönmə əməliyyatı apararkən xəbərdarlıq işığından istifadə etməyib.
Bu məsələ tərəflər arasında mübahisə yaratdığından hadisənin görüntülərinə yenidən baxış keçirilib.
Görüntülərə baxış zamanı məlum olub ki, dönmə işığından istifadə edilib. Daha sonra “Arzum” ləqəbli tiktokerin vəkili Fərid Həsənov məhkəməyə bir neçə vəsatət verib.
Vəkil məhkəmədən hadisə yerinə baxış zamanı tərtib olunmuş hadisə yerinin sxemini sübutlar siyahısından çıxarılmasını xahiş edib. Eyni zamanda, hadisə bağlı avtotexniki ekspertiza, trasaloji ekspertiza rəylərini verən ekspertlərin və işi aparan müstəntiqin məhkəmə prosesinə çağırılaraq ifadə verməsi ilə bağlı vəsatəti məhkəməyə təqdim edib.
Dövlət ittihamçısı Nərmin Tahirzadə vəsatətlərə münasibət bildirərək, ekspertlərin məhkəməyə çağırılmamasını, lakin ibtidai istintaqı aparan müstəntiqin məhkəməyə çağırılmasını məqsədəuyğun hesab edib.
Məhkəmə qısa müşavirədən sonra ekspertlərin ifadə verməsi ilə vəsatətləri təmin etməyib, lakin müstəntiqin məhkəməyə çağırılaraq ifadə verməsi ilə bağlı vəsatəti təmin edib.
Prosesdə mərhumun anası – zərərçəkmiş şəxsin hüquqi varisinin səhhətində problem olduğu üçün hüquqi varisliyin qızına verilməsi məsələsinə toxunulub. Bildirilib ki, etibarnamə veriləndən sonra onun hüquqi varisliyi təmin ediləcək.
Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb./unikal/