Dünyaca məşhur “Tehran” serialının israilli prodüseri və yaradıcılarından 52 yaşlı Dana Eden Yunanıstanın Afina şəhərində qaldığı hotel otağında ölü tapılıb.
OLAY yazır ki, Eden 2026-cı il fevralın 15-i serialın dördüncü mövsümünün çəkilişləri üçün Yunanıstana gedib.
Hadisə yerinə çağırılan Yunan polisi araşdırmaya başlayıb. İlk məlumatlara görə, otaqda tabletlər və boynunda xəsarət izləri aşkarlanıb və polis onu özünü öldürmə kimi qiymətləndirir. Hələlik zorakılıq faktı barədə rəsmi təsdiq yoxdur.
Prodüserin cəsədi onun əlaqə yaratmaması səbəbi ilə narahat olan qohumu tərəfindən tapılıb. Edenin yaxınları, dostları və həmkarları bu itkini dərin kədər və şokla qarşılayıb.
Edenin təmsil olunduğu “Donna and Shula Productions“ şirkəti yayımladığı bəyanatda, onun ölümü ilə bağlı yayılan siyasi və ya cinayət motivli iddiaların əsassız olduğunu vurğulayıb və media ilə ictimaiyyətə əsaslandırılmamış məlumatlar yaymamağı tövsiyə edib.
Dana Eden “Tehran” serialına rəhbərlik edən əsas prodüser kimi tanınırdı və onun vəfatı kino və televiziya sənayesində böyük itkidir.