Almaniyada yüzlərlə insan Rammstein qrupunun vokalçısı Till Lindemanna qarşı etiraz aksiyasına çıxıb. Bu barədə Bild nəşri məlumat yayıb.

OLAY yazır ki, təxminən 400 nümayişçi Lindemannın qonaq kimi gözlənildiyi Leypsiq Operasının binası qarşısına toplaşıb. Onlar qırmızı xalça üzərinə çıxaraq “Ayıb olsun!” şüarları səsləndirib və müğənninin daha əvvəl ittiham olunduğu cinsi zorakılıq və səlahiyyətlərdən sui-istifadəyə qarşı etiraz ediblər. Təxminən 100 polis əməkdaşı nümayişçilərin binaya girmə cəhdinin qarşısını alıb.

Hadisə zamanı 62 yaşlı rok ifaçısı tədbirə gecikib — o gələndə etirazçılar artıq ərazini tərk etmişdilər.

Till Lindemann balda iştirak edən təxminən 40 dəvətli məşhurlardan biri idi. Saksoniyanın sosial işlər naziri və vitse-premyer Petra Kipping vəziyyətin “de-eskalasiyasına töhfə vermək” üçün tədbirdə fəxri qonaq kimi iştirakını ləğv edib.

Elm naziri Sebastyan Gemkov isə Rammstein vokalçısına qarşı keçirilən etirazları “fikri ifadə etməyin tamamilə normal forması” adlandırıb.

Xatırladaq ki, 2023-cü il iyunun 14-də Almaniyada Lindemann barəsində cinsi zorakılıq, cinsi məcburiyyət və təcavüz (Almaniya Cinayət Məcəlləsinin 177-ci maddəsi) maddələri ilə cinayət işi başlanmışdı.

Daha sonra, 24 iyulda, Avstriyadan olan bir qadın müğənnini zorakılıqda yenidən ittiham edib — qadının sözlərinə görə, o, Lindemanna seksdən imtina etdikdən sonra musiqiçi onu yatağa ataraq bir neçə dəfə döyüb.

Lakin Bild 29 avqustda yazıb ki, Berlin prokurorluğu istintaqa xitam verib, və Lindemann bütün ittihamları rədd edib.