Bir neçə gün əvvəl Əməkdar artist Münəvvər Əliyeva influenserləri və sosial şəbəkələri tənqid etmişdi. Sənətçi MTV-yə müsahibəsində blogerlərə irad bildirərək insanların bir-biri ilə izləyici sayına görə dost olduğunu bildirmişdi. Bunların dəyərlərimiz və mənliyimizlə üst-üstə düşmədiyini vurğulayan aktrisa “Universitetlər niyə var” sualı ilə sosial şəbəkələrdən pul qazanan məşhurların çoxunun savadsız olmasına eyham vurub.
Bəs gəlin, görək, Münəvvər Əliyevanın hədəfinə çevrilən sosial məcranın populyar simaları bu iradlara nə deyir?
OLAY bununla bağlı sosial media fenomenlərini danışdırıb. Onlardan kimisi susqun qalmağı seçib, kimisi neytral cavablar verib, digər qismi isə danışmağı üstün tutub.
Nagehan Abdullayeva sosial şəbəkələrdən yalnız influenserlərin deyil, bir çox tanınmışın da qazanc əldə etdiyini söyləyib:
“Deyir ki, oxumasınlar, universitetlər bağlansın, sosial şəbəkələrdə pul qazanırlar və sairə... Burada söz tək bizə gəlmir. Onda aktyorlar da, müğənnilər də, aparıcılar da tək öz işlərini görsünlər. Çünki influenserlər kimi digər tanınmışlar da sosial şəbəkələrdə reklam edərək pul qazanırlar. İnfluenser beynəlxalq bir şeydir. Mən özüm ingilis dili müəllimiyəm, ali təhsilliyəm. Amma hobbi kimi başladığım iş sayəsində ailəmə baxıram. Məsələ pul qazanmaqdan getmir. İzləyici səni sevir və ötürdüyün məlumatları alır. Məsələn, uşağına nə verməlisən, nə yedirtməlisən, həkimini soruşur, razı qaldıqlarını bölüşürsən. Burada niyə influenserlərə hücum olunub, başa düşmədim. Əgər problem sosial şəbəkələrdən pul qazanmaqdırsa, bütün sahələrdən olan insanlar bu şəkildə əlavə pul qazanırlar”.
Jurnalist-influenser Pərviz Hüseyn isə Əməkdar artistdən bu açıqlamanı gözləmədiyini deyib:
“Münəvvər Əliyeva kimi bir aktrisadan bu sözləri duymaq məni təəssüfləndirdi. Əgər özü sosial şəbəkə ilə işləməyi bacarmırsa, buna görə sosial mediada məşhurlaşan şəxslərə qənim kəsilə bilməz. Onda aktrisa ola bilməyənlər də Münəvvər xanıma düşmən kəsilsinlər. Bu, düşüncə absurddur. Guya, insanlar təkcə sosial şəbəkədə milli-mənəvi dəyərləri pozurlar? Həyat yoldaşını aldadan, evli adamla eşq yaşayan, valideynlərini görməzdən gələnlər təkcə sosial şəbəkədə məşhurlaşanlardır? Nə dəxli var? Hər yerdə özünü normal aparan da var, anormal aparan da. Sosial şəbəkə sadəcə bir güzgüdür, hər kəsin içində nədirsə, onu da göstərir. Kimsə sosial şəbəkədə özü olmaqdan qorxursa, buna görə başqalarını qınaya və aşağılaya bilməz. Aktrisalar, aktyorlar dijital platformalarda, “Netflix”də, “Disney Plus”da oyun çıxarır, bizimkilər də milli-mənəvi dəyər arxasınca qaçır. Sənətçi belə şeylərə fikir verməməlidir, ortaya sənət qoymalıdır”.
İnfluenser Nəcibə Əhmədi (Nadjiba) “Mən belə şeylərə cavab vermirəm”, - deyə, bildirib.
Aysel Şükürə isə bu mövzu ümumiyyətlə maraqlı deyil. Özü belə deyir...
İnfluenser Nigar Quliyeva (Snigarochkaa) “Bu mövzuda heç nə deyə bilmərəm. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir”, - deyərək səssiz qalıb.
Həmidə Hacıyeva (Hemistyle) və Həmayıl Cəfərli (Hllyblog) isə ümumiyyətlə cavab verməkdən boyun qaçırıblar.