Ölkə ərasizində TikTok-un fəaliyyətinə qoyulan müvəqqəti qadağa hələ də davam edir.
Bu məhdudiyyətlə bağlı sözügedən platformada canlı yayımlara qoşulub, videolar paylaşmaq mümkün olmur. Nəticədə isə TikTok-da kifayət qədər populyar olan insanların əksəriyyəti gəlir əldə edə bilmir. Bəzi istifadəçilər proqrama “VPN”lə daxil olsa da, yenə də problemlər yaranır.
OLAY Azərbaycanın tanınmış tiktokerləri ilə əlaqə saxlayaraq, onların TikTok-suz həyatı ilə bağlı sorğu-sual edib.
Saytımıza açıqlama verən Sərraf Kərimov (Ser_kerimoff) TikTok-a qoyulan qadağanın onun üçün əhəmiyyət kəsb etmədiyini bildirib:
“Onsuzda mən TikTok-dan aktiv istifadə etmirdim, orada çox vaxtımı keçirmirəm. Ona görə də mənim üçün heç bir dəyişiklik yoxdur. 3-4 ay olar ki, TikTok-da canlı yayımlar da açmıram. Daha çox instaqramdan istifadə edirəm”.
“Aydanique” ləqəbi ilə populyar olan məşhur tiktoker Aydan isə açıqlamasında TikTok-un açılmasını səbirsizliklə gözlədiyini qeyd edib:
“TikTok bağlanandan bəri istifadə etmirəm. Ötən günlərdə TikTok-un yenidən bərpa olunduğu ilə bağlı xəbəri oxuyub çox sevindim. Çünki fəaliyyətimə davam edəcəyimi düşündüm. Amma öyrənəndə ki, məhdudiyyət hələ də davam edir, məyus oldum. Açılmasını intizarla gözləyirəm. TikTok-da canlı yayımlar açmırdım, yalnız reklam videoları paylaşaraq gəlir əldə edirdim. İnstaqramdan gəlir əldə edirəm, amma TikTok da olsaydı, yaxşı olardı”.
Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılıb. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırıb.