Diasporla İş üzrə Dövlət Komitəsi məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damla müsahibə gerçəkləşdirib.
OLAY yazır ki, Kris müsahibə zamanı azərbaycanlı xanımı Suada Hacızadə ilə tanışlığından söz açıb:
“Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir, çox bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. ABŞ-a, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim. Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Dedi ki, o ölkənin insanları çox mehribandır, mədəniyyəti çox zəngindir. Bilmirəm bunu niyə dedi, amma dedi ki, sən gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən. Həmin vaxt başqa xanımla münasibətlərim var idi, ona görə etiraz etdim. Dedim ki, yox, bu mümkün deyil. İllər sonra Suada ilə “İnstagram”da tanış oldum. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il “İnstagram”da danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq.
Atam “Facebook”da və digər sosial şəbəkələrdə canlı yayıma qoşulurdu. Bir dəfə Yeni ildə o, 100 min izləyicinin iştirakı ilə canlı yayımda olanda ekranda onun adını görür və oxumağa başlayır: Suada Hacızadə. Amma Suadanın kim olduğu, həmin tanışının qızı olduğu ağlına belə gəlməzdi. Suadanı Yeni il münasibətilə təbrik edir və Suada da həmin videonu yazıb saxlayır. O, mənə həmin video haqqında danışanda inanmadım, dedim ki, zarafat edirsən? Bu da taleyin bizi başqa formada qarşılaşdırması idi. Bir neçə il sonra ailələrimiz İstanbulda görüşmək qərarına gəldi”.
O, niyə İstanbulda evlənməkləri barədə sualı isə belə cavablandırıb:
“Pandemiya dövründə valideynlərimin Azərbaycana gəlməsi və ya Suadagilin Belçikaya gəlməsi mümkün deyildi. Evlənmək qərarımızı isə artıq vermişdik. Biz onsuz da münasibətlərimizi necə deyərlər, onlayn qurmuşduq, nikah üçün İstanbula gələndə orada ilk dəfə görüşdük, görüşəndən 3 gün sonra isə evləndik. Nikahımız Azərbaycanın İstanbuldakı baş konsulluğunda baş tutdu. İstanbul çox gözəl şəhərdir. Amma mən gəlib Bakını da görmək istəyirdim. Çünki atam Bakıdan çox danışmışdı. 2 il sonra nəhayət ki, gələ bildim. 6 il sonra ilk dəfə Suadagilin evlərində qonaq oldum, amma 6 il ərzində o evi internetlə danışanda çox görmüşdüm. Bizim tanışlıq hekayəmiz belə olub. İnanılmazdır. Bu, həm də qismətdir, Allahın qisməti. Allaha da yəqin ki, hamımız inanırıq.
Mən bu münasibətin sehrinə inanırdım. Azərbaycan adını görəndə atamın sözləri yadıma düşdü və fikirləşdim ki, görəsən, atamın təriflədiyi bu ölkənin qızları gözəldirmi? Və bizim macəramız belə başladı. Suada ilə bağlı bir məqamı qeyd edim ki, onun gözləri, baxışları məndə inam yaradır, bu inam günü-gündən daha da artır. Suadanın da mənim ruhumu duyduğunu bilirəm”.
“Jan Klod Van Dammın Azərbaycana gəlmək planı yoxdur” sualını isə Kristofer “Hazırda atamın işləri çoxdur. Amma ən qısa zamanda, imkanı olan kimi əlbəttə ki, gələcək. Atam dünya insanıdır, Azərbaycanı və azərbaycanlıları da çox sevir. Özünü universal insan hesab etdiyi üçün bütün mədəniyyətlərlə yaxından tanış olmağa can atır. O, insanlarla yanaşı, təbiəti, heyvanları da çox sevir, ekologiyanın qayğısına qalır. Ona görə də səyahət etməyi sevir. Azərbaycanlı gəlini olduğu üçün Azərbaycan gedəcəyi ölkələr arasında birinci yerdədir”, - deyə, cavab verib.