Olay
Olay

“O aparıcılar qardaşlarının yanında elə açıq-saçıq gəzirlər”

“O aparıcılar qardaşlarının yanında elə açıq-saçıq gəzirlər”

“Bir-iki sosial veriliş var ki, orada aparıcılar özlərini daha azad hiss edirlər. Bəzən tamaşaçı və ya verilişin iştirakçıları ilə o qədər də yaxşı davranmırlar. Biz heç kimin üstünə hakim ola bilmərik. Bizə o haqqı kimsə verməyib. Heç ora gələn qonaq da...”

OLAY yazır ki, bu sözləri “Üzə-düz” proqramında qonaq olarkən Əməkdar artist Nailə İslamzadə söyləyib. O, bəzi həmkarlarına irad bildirərək bunları deyib:

“Kimsə kimsəni qınayıb, üstünə gedə bilməz ki, sən niyə belə yaşamısan. Çünki onun yaşadıqlarını özü bilir. Kənardan baxmaq həmişə asandır. Aparıcı tərəf olmamalıdır. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Bir də ki, o qərarı ekspert verməlidir, aparıcı yox. Bilirsiz, o verilişlər evdə oturanlar üçündür. Gündüz vaxtı efir yayımıdır, belə də olmalıdır. Sosial proqramlar məişət xarakterlidir, əslində evdə oturan xanımlara görədir. İş adamı axşam gəlib dincəlmək istəyir, o proqramlar nəyinə lazımdır?!

Amma bəzən bizdə tərsinə də ola bilir. Bilirsiz, bəzən efir insanlarına barmaqarası baxanlara haqq verirəm. Yersiz hərəkət edən aparıcılara görə təbii ki, xəcalət çəkirik. Onlar olmasa daha yaxşı olar. Məşhurluğu hər kəs daşıya bilmir. Hər kəs özünü ulduz sayır, ulduzlar göydə olur, yerdə yox. Bizim peşənin özünü sevmək lazımdır, amma bəziləri peşənin özünü deyil, ona verdiklərini sevir. Peşə nə gətirir? Mən heç vaxt populyarlığımdan istifadə etmədim, ona görə də heç nəyim yoxdur. Heç kimin qapısını döymədim. Reklam da edə bilmədim, lakin bu normaldır. Aparıcılar toya da gedir, bu da normaldır, bəs hardan qazansınlar?

Mən toylara getmədim aparıcı kimi, düzdür, amma gedənlərdə də qəbahət görmürəm. Bizim böyük sənətkarlarımız da məclislərdə iştirak ediblər, ordan tanınıblar. Məsələ burasındadır ki, bunu daha gözəl şəkildə, ifrata varmadan etmək lazımdır. Edənlər də çoxdur. İndi çox şərtlər dəyişib.  Baxırsan bir yerdə ciddi veriliş aparır, gündüz hardasa yüngül hərəkətlər edir, ona görə də tamaşaçılar onu ciddi qəbul etmir. Efir bayağılığı sevmir. Tamaşaçı bunu tez hiss edir. Populyar olmaq, tanınmaq, sevilmək demək deyil.

Aparıcıların geyim məsələsi də ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi olmalıdır. Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq-saçıqlığa gəldikdə isə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Vallah bilmirəm, o aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzirlər, bəlkə ona görə efirə elə çıxırlar. Bəlkə də mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər, desinlər ki, bunu başqa ölkələrdə edirlər amma bizdə bu qəbul olunmursa, biz bunu niyə edək? Axı tamaşaçı istəmir!!! Biz Azərbaycanlı olduğumuzu qoruyub, saxlamağı bacarmalıyıq. Mənim azadlığım, başqasının azadlığı başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub, istəmədiyi şeyi onlara sırıya bilərik?!”