Xalq artisti Flora Kərimova Ukraynada həbs olunan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı haqda paylaşım edib.
OLAY yazır ki, o, instaqramda Misirin müharibə dövründə lentə alınan görüntüsünü paylaşaraq bu sözləri qeyd edib:
“Bu igidimiz - Qasımlı Misir İkinci Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, videosunu bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətənin dar günündə vicdanının səsi ilə sənin, mənim Qarabağımızın intiqamını almağa gəldi. Aldı da! Bildiyim qədər məhz bu sözlərinə görə, ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə dəmir barmaqlıqlar arxasında bir dığaya görə, mühakimə olunması azərbaycanlı kimi məni məyus edir. Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizə çatdırmağa çatır. Sizin də bacardığınız bir şey var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiniz. Necə ki, bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə qarşısında aksiya keçirin. Millət olaraq haray salsaq, hakim də bilər ki, övladımız yetim deyil. Arxasında milləti var. Bunlar bir yana əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır. Qəribsəmə, Misir oğlum. Qapılar daim bağlı qalmayacaq. Klidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var”.