Xalq artisti Miri Yusifin Yaşıl Teatrdakı konsert marafonu başa çatıb.
OLAY yazır ki, üç gün ard-arda sevənlərinin qarşısına çıxan sənətçini izləməyə ümumilikdə 7000-ə yaxın insan gəlib.
Onların sırasında dövlət rəsmiləri, tanınmış iş adamları, məşhurlar və digər sənət nümayəndələri yer alıb. Gecəyə qatılan qonaqlar da maraq yaradıb. Onlar haqda xəbərlər medianın manşetlərini bəzəyib.
“SS production”ın təşkilatçılığı ilə gerçəkləşən gecədə 10-dan çox musiqiçi ilə səhnəyə çıxan Miri Yusif canlı ifalarını və hitlərini səsləndirib.
Onun səhnəsinə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov da qonaq olub. “Dostum” duetini Miriylə birgə səsləndirən Xanbabayeva konsertdə iştirakından məmnun olduğunu bildirib.
Natiq Şirinov isə “Ya Qarabağ, ya ölüm” ifasında sənətçiyə yoldaşlıq edib. Vətənpərvər ifa coşquyla qarşılanıb. Fanatları mahnıları müğənniylə birgə oxuyub.
Konsert bitsə də, tamaşaçıların Miri Yusifin səhnədən getməməsini, yenidən ifalar etməsini istəyiblər. “Bir daha!” təkidindən sonra müğənni “Səndən bir dənədir!” hiti ilə konsertə yekun vurub.
Gecədə həmçinin sənətçinin valideynləri Mirheydər Mirbabayev və Adelya Mirbabayeva, həyat yoldaşı Nərgiz Mirbabayeva da iştirak edib.
Qeyd edək ki, ümumi konsert üzərində 50-dən çox komanda üzvü çalışıb. Səhnə dekoru, işıqları ilə fərqlənən tədbir medianın da gündəmində olub.