Olay
Olay

“Mənə şər atırlar” - Aqşin danışdı

“Mənə şər atırlar” - Aqşin danışdı

Tanınmış meyxanaçı Aqşin Fateh şəriki ilə dava etməsi barədə yayılan xəbərə münasibət bildirib.  

İfaçı OLAY-a açıqlamasında Füzuli Alıyevin ona şər atdığını bildirib: “Mənə şər atılıb. Bu məsələ ilə bağlı istintaq davam edir. Yekunlaşanda sizə bir açıqlama verəcəm. Elə bir dava olmayıb. Oradan çıxdığım üçün mənə böhtan atırlar. Öz restoranımda necə dava edə bilərəm? Obyekt mənim adımı daşıyır, öz yerimdir. Qeyd edildiyi kimi bir hadisə olmayıb. Onlar yalan danışırlar.

Ümumiyyətlə, orada onun adına hansısa məhsul, avadanlıq olmayıb. Təkrar edirəm restoran mənimdir. Sadəcə təhvil verib çıxanda şərlədilər. O mənim şərikim deyil, yalnız adı olub”.

Qeyd edək ki, Bakupost.az-ın iddiasına görə, hadisə A.Fatehin işlətdiyi “By Fateh 1” restoranında baş verib. Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.

Məlumata görə, onlar 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb. Aprelin əvvəlindən F. Alıyev A. Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.

Aprelin 17-də isə A. Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib. Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.

Onlar iddia ediblər ki, A. Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə xəsarət alıb.

Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.

Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.

Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər. Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.