Musiqi dünyasında ən yaxşıların seçildiyi 64-cü “Qremmi” mükafatlarında hit olan mahnıların gecədən əli boş dönməsi və ya musiqi siyahılarında böyük uğura imza atan duetlərin kölgədə qalması tədbirin ən böyük sürprizlərindən oldu.
OLAY yazır ki, gecədə “Peaches” mahnısını ifa edən Castin Biber 8 kateqoriya üzrə yarışsa da, ödül qazana bilməyib. Uzun müddət musiqiyə fasilə verəndən sonra səhnələrə dönən Biberin bir neçə nominasiya üzrə qalib olması gözlənilirdi.
Aktyor Şon Penn əgər “Oskar” mükafatlarında Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışına icazə verilməsə Akademiyanı boykot edəcəyini açıqlamışdı. Gözlənilən nitqi “Qremmi”də gerçəkləşdirən Zelenski ölkəsinin azadlığı üçün dəstək çağırışı etdi.
Ötən 2 il ərzində 7 “Qremmi” qazanan Billi Aylişin bu il mükafat almamağı böyük çaşqınlıq yaradıb.
“Donda” albomuyla “İlin albomu” mükafatına namizəd olan Kanye Uestin qalibiyyəti Tayler de Kreatora verməsi gecənin önə çıxan hadisələrindən idi. Tədbirdən “Ən yaxşı rep performansı” ödülü ilə ayrılan Uestin bu aralar şəxsi həyatındakı problemlər və sosial media paylaşımları böyük mükafatı qazanmamasına səbəb kimi göstərilir.
Cənub koreyalı musiqi qrupu BTS-in beynəlxalq səviyyəli uğurunu nəzərə alsaq, “Ən yaxşı cütlük və qrup” nominasiyasında Doca Kət və SZA-ya uduzması böyük sürprizlərdən biri idi.
“Ən yaxşı rep performansı” ödülü isə sosial mediada fenomen olan “WAP” mahnısıyla böyük uğura imza atan Meqan De Stalion və Kardi Bi cütlüyü yox, Kendrik Lamar və Beybi Kimin “Family Ties” mahnısı qazanıb.
“İlin mahnısı” mükafatı “Qremmi”nin ən pristijli nominasiyasından sayılır. “Leave the Door Open” mahnısıyla bu ödülə layiq görülən “Silk Sonik”in Billi Aylişin “Happier than ever” və Olivia Radriqonun “Drivers licence” mahnılarını keçərək bu mükafatı qazanması gecənin maraqlı olaylarından biridir.
Olivia Radriqonun “Sour”, Billi Aylişin “Happier than ever” və Castin Biberin “Justice” kimi güclü albomlarını geridə qoyub “Ən yaxşı albom” mükafatını alan Con Batiste də tədbirin ən böyük sürprizlərindən biri olub.