Olay
Olay

“Biz xoşbəxtik ki, onunla tanış olmuşuq”

“Biz xoşbəxtik ki, onunla tanış olmuşuq”

Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

OLAY AzərTAc-a istinadən yazır ki,  tədbir çərçivəsində Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabının təqdimatı keçirilib. Böyük sənətkarın nəvəsi Kayxan Salahov tərəfindən hazırlanmış “Sonsuzluq” adlı videoinstalyasiya da qonaqlara təqdim edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib:

“Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilir. Doğma Bakı kimi Moskva şəhəri də Tahir Teymur oğlu üçün çox əziz idi. Tahir Salahov öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib. Onun nadir yaradıcılıq üslubu və xarakteri məhz burada formalaşıb. İncəsənət dünyanı gözəlləşdirir. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun dünyasını – harmoniya və xoş duyğularla dolu nurlu dünyanı görürük.

 

Biz xoşbəxtik ki, bu heyrətamiz insanla bir dövrdə yaşamışıq, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq. Onun sənətini fərqləndirən məhz sevgidir – Vətənə, təbiətə, insanlara sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır. O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də onun əsərlərinə baxanda inanırıq və hiss edirik ki, bunlar canlı əsərlərdir, həyatın özü kimi canlıdır.

Bu gün bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Tahir Salahovun ailəsinə, Zelfira İsmayılovna, sizə bizi dəstəklədiyinizə görə, bu tədbirin hazırlanmasında iştirak etmiş, ona qəlbinin bir hissəsini qoymuş insanların hamısına təşəkkür etmək istəyirəm. Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc istedadlara yol açsın. Sizin hamınıza xoşbəxtlik, cansağlığı arzu edirəm, ən xoş diləklərimi bildirirəm. Sağ olun”.