Olay
Olay

Ruhi Əliyeva gənclərlə görüşdü - Fotolar

Ruhi Əliyeva gənclərlə görüşdü - Fotolar

İş xanımı Ruhi Əliyeva gənclərlə görüşüb. 

OLAY yazır ki, görüş Binəqədi Gənclər Evində baş tutub.

Gənclər Evinin "Fəxri Qonaq" layihəsinə dəvət olunan Ruhi Əliyeva ona ünvanlanan sualları cavablayıb. O, söhbət əsnasında bir çox mövzulara aydınlıq gətirib və gənclərlə həmsöhbət olub.

İş xanımı əvvəlcə gənclərin ictimai-siyasi həyatdakı rolunu yüksək qiymətləndirdiyini deyib. 

Ruhi Əliyeva daha sonra uşaqlıq illəri ilə bağlı verilən sualı cavablandırıb:

“Tovuzun Aşağı Eyyublu kəndində doğulub, boya-başa çatmışam. Hər zaman demişəm: Tovuz mənim cənnətimdir. Uşaqlıq illərim çox maraqlı keçib. Diqqət edirəm ki, indiki uşaqların günləri elə maraqlı keçmir. Bəlkə də bu, dövrlə bağlı məsələdir. Texnologiya üstünlük təşkil edir, uşaqlar sosiallıqdan kənarlaşır. Biz uşaq vaxtı “klas-klas”, “yeddi şüşə”, “ortada qaldı”, basketbol, hətta bəzən qızlar olaraq futbol oynayırdıq. Çox aktiv uşaqlığım olub. Uşaq vaxtı çox dəcəl olmuşam. Bəzən rəhmətlik əmim deyirdi ki, “bu qızın daxili görünüşü ilə xarici eyni deyil”. Daxilimdə sanki bir oğlan var idi. Uşaqlıqdan çox insansevər olmuşam. Bundan əlavə, heyvanları çox sevirəm”.

O, bəzi səmimi etiraflar da edib:

“Qıraqdan elə görünür ki, qarşıma daim yaxşı insanlar çıxır. Amma bu, belə deyil. Əslində naxələf insanlar da çoxdur. Beş barmağın beşi də bir deyil. Qarşımıza daim müxtəlif insanlar çıxır və çıxacaq. Bu, xüsusilə, gənclərə aiddir: həyatınıza daxil olan insanları seçərkən daha diqqətli olmalısınız. Dost və insan seçimində çox yanılmışam. İstərdim ki, heç bir gənc yanılmasın. Qadınları çox sevirəm. Həyat prinsipim də onların yanında olub, əlimdən gələn dəstəyi verməkdən ibarətdir. Biz hisslərimizlə yox, ağlımızla həyatıma daxil olan şəxsləri seçsək, daha yaxşı olar. Amma bunu insan zamanla anlayır”. 

İş xanımı dəb mövzusu ilə bağlı da düşüncələrini bölüşüb:

“Tam pafossuz deyirəm, mənim üçün dünyanın ən dəbli, ən gözəl, ən bacarıqlı, ən savadlı xanımı Azərbaycan qadınıdır. Hər bir xalqa hörmətim var. Amma onlar bizim xanımlar qədər baxımlı deyil. Diqqət edin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva necə dəbli geyinir. Heç bir dövlətin birinci xanımı bizim birinci xanım qədər gözəl, səliqəli, dəbli və səhmanlı geyinmir. Bizim əksər xanımlarımız da geyiminə, davranışına, mərhəmətinə görə Mehriban xanımdan ilham alırlar. Fikrimcə, zövqlü olmağın maddi durumla heç bir əlaqəsi yoxdur. Sonradan zövq qazanmaq mənə real görünmür. Hesab edirəm ki, insan zövqlü doğulmalıdır. Ya zövqlü insan var, ya da yoxdur”. 

O, daha sonra uğurlarından bəhs edib:

“Öz məqsədim və istəyim olub. Heç vaxt danmaram, ilk uğurumun arxasında övladlarımın atası durub. O olmasa başqa cür addım atardım, bəlkə belə uğurlu olmazdım. Demərəm ki, bunların hamısını özüm əldə etmişəm. Allah hər kəsin qarşısına gözəl bir insan çıxartsın. Hər kişinin arxasında güclü qadın var, deyirlər. Hər bir qadının arxasında da güclü bir kişi, sənə inanan, güvənən biri olsa, daha yaxşı olur. Övladlarımın atası daim uğurlarımda yanımda olub. Təbii ki, öz istədiyim məqamlar var, onları həyata keçirdirəm. Lakin ilk işimdə dəstək olan övladlarımın atası, bir də Allahım idi. Məsələn, mən “Best model” müsabiqəsini təşkil etdim. Heydər Əliyev Sarayında baş tutdu. Məndən sonra bu yarışmanı layiqincə aparanların olduğunu görmədim. Bundan başqa, Türkiyənin məşhur müğənniləri Sibel Canın, Sılanın konsertini təşkil etdim. Onu da qeyd edim ki, biz nə ediriksə, ölkəmizin, dövlətimizin adını düşünməliyik. Axı biz burada böyüyürük, boya-başa çatırıq”.

Fotolar: Nuran Məmmədov

Video: News24.az