Ukraynanın ən varlı insanlarından biri olan – azərbaycanlı oliqarx Vaqif Əliyevin qızı, Əməkdar artist Svetlana Lobodanın keçmiş prodüseri Natella Krapivina Rusiya Federasiyasının pasportundan məhrum edilib.
OLAY yazır ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd olunub ki, Natella Krapivina və onun bacısı A. Əliyeva artıq Rusiya şəxsiyyət vəsiqələrinin sahibi deyillər.
Daxili İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, vaxtilə qadınlar tam sənədlər paketini təqdim etməyib. Məlum olub ki, Krapivina və onun qohumu sənədləri Rusiya qanunvericiliyindən yayınaraq alıblar. Bu səbəbdən indi onların Rusiya pasportları ləğv ediləcək. Artıq Daxili İşlər Nazirliyi mövcud vəziyyəti tam başa düşmək üçün İstintaq Komitəsinə müraciət edib.
Bildirək ki, Natella Krapivina Ukraynada keçirilən xüsusi əməliyyata açıq şəkildə qarşı çıxıb. Rusiyalı fəalların diqqətini çəkən prodüser instaqramda baş verənlərlə bağlı kəskin danışıb. Belə ki, Rusiya Federasiyasının İnsan Hüquqları Şurası Krapivinaya vətəndaşlıq verilməsinin məqsədəuyğunluğunu yoxlamağı tələb edib. DİN-nin əməkdaşları bu şikayətə reaksiya verərək, gözlənilməz nəticələrə gəliblər.
“Müəyyən edilib ki, Natella Vaqif qızı Krapivinanın (o vaxt azyaşlı idi) Rusiya Federasiyasının vətəndaşlığına qəbulu üçün müraciət edərkən onun qanuni nümayəndəsi tam sənədlər paketini təqdim etməyib”,- DİN-in saytında qeyd olunub.