8 mart tarixində Bakı Konqres Mərkəzi Xalq artisti Brilliant Dadaşovanın unudulmaz konsertinə ev sahibliyi edib.
OLAY yazır ki, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Best of Brilliant” gecəsi sevgi, musiqi və sənət dolu anlarla yadda qalıb.
Brilliant Dadaşova səhnəyə çıxan andan etibarən salonu öz ecazkar enerjisi və möhtəşəm səsi ilə ovsunlayıb.
“Caspian Media Group”un təşkil etdiyi konsert proqramında sənətçinin dillər əzbəri olan hit mahnıları, eləcə də sevənlərinin həsrətlə gözlədiyi yeni ifalar yer alıb. Onun duyğusal və eyni zamanda güclü çıxışı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Səhnə tərtibatı, işıq effektləri və canlı orkestrin müşayiəti gecəyə xüsusi rəng qatıb. Brilliant Dadaşova özünəməxsus səmimiyyəti ilə izləyiciləri ilə dialoq qurub, onların sevgisini hiss etdiyini bildirib və bu konserti məhz tamaşaçılarına həsr etdiyini vurğulayıb.
Tədbir zamanı sənətçinin bacısı, Vaqif Mustafazadənin “Sevil” instrumental ansamblının birinci solisti Sədaqət Dadaşova da səhnəyə çıxaraq “Yollar” mahnısı onunla duet oxuyub.
Bundan başqa, gecədə mərhum Anar Nağılbazla virtual duet səslənib.
Sənətçi gecədə iki libas dəyişib. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.