Olay
Olay

“Kollektivimiz Ələkbərzadədən narazıdır” - Mehriban Xanlarovadan cavab!

“Kollektivimiz Ələkbərzadədən narazıdır” - Mehriban Xanlarovadan cavab!

Əməkdar artist Mehriban Xanlarova AzDrama-nın onun etirazı ilə bağlı yaydığı açıqlamaya cavab verib. 

Tanınmış aktrisa bu barədə OLAY-a danışıb. O, açıqlamada qeyd olunan bütün məqamlara aydınlıq gətirib:

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının açıqlaması ilə tanış oldum. Açıq bildirmək istəyirəm ki, bu açıqlama nə qaneedici, nə də məntiqlidir. Böyük sənətkarlarımız – Fatma Qədir, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Məlik Dadaşov, Siyavuş Aslan kimi dəyərli şəxsiyyətlərin adlarının hazırkı vəziyyətlə əlaqələndirilməsi və müzakirələrə daxil edilməsi tamamilə yolverilməzdir. Bu insanlar Azərbaycan teatr tarixində silinməz iz qoymuş sənət fədailəridir və onların irsinin bu cür mübahisələrə cəlb olunması nə mənəvi, nə də etik baxımdan doğrudur. Hazırda müzakirə olunan məsələ keçmişə deyil, teatrımızın bu gününə və gələcəyinə aiddir. Teatrımızın indiki durumu bizi ciddi şəkildə narahat edir. Kollektivin böyük bir hissəsi bədii rəhbər Mehriban Ələkbərzadənin fəaliyyətindən narazıdır, lakin müxtəlif səbəblərdən bu narazılığı açıq şəkildə ifadə edə bilmirlər. Ən böyük narahatlığımız isə budur ki, Prezident mükafatı və fəxri adlar üçün təqdim olunan siyahılar şəxsi münasibətlərə əsasən tərtib edilə bilər və bəzi sənətkarların adları bu siyahılardan bilərəkdən çıxarıla bilər. İçi mən qarışıq bütün həmkarlarım AzDrama-nın kollektivi olaraq qorxuruq ki, adlarımızı Prezident mükafatı və fəxri adlar üçün olan siyahılardan çıxardalar. Artıq bu cür haqsızlıqlara son qoyulmalıdır! Mən, Münəvvər Əliyeva və Əli Nur, özümüz üçün rol istəmirik. Lakin teatrın bir kənarında qalmış, istedadı nəzərə alınmayan, səhnəyə çıxmaq imkanı verilməyən aktyor və aktrisalar var! Teatrımızın aktyor heyəti Mehriban Ələkbərzadə üçün bu qədərmi dəyərsizdir ki,  kənardan aktyor axtarışına çıxır? Məsələn, yaxın aylarda səhnəyə qoyulacaq “Baş” tamaşasında kifayət qədər aktyor var – Ağabəyim, Ağa və yeni aktrisalar bu tamaşada rol ala bilərlər. Bəs niyə onlara imkan verilmir? Ümumiyyətlə, bədii rəhbər Mehriban Ələkbərzadə kollektivə yuxarıdan aşağı baxır, aktyorlar arasında ayrı-seçkilik edir. Əgər teatrın heyətini bəyənmirsə, niyə burada çalışır?

Mən Mehriban Xanlarova olaraq, Akademik Milli Dram Teatrının tarixinə silinməz iz qoymuş sənətkaram. 2018-ci ildə “Manqurt” tamaşasında Nayman Ana obrazına görə Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olmuşam. Bu mükafat hazırda teatrın muzeyində saxlanılır. Mənim sənətimi və potensialımı Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək məni Əməkdar artist adına layiq görüb. Ən narahatedici məqam isə Mehriban Ələkbərzadənin çalışdığı digər teatrın aktyorlarını Akademik Milli Dram Teatrına gətirmək niyyətidir. Biz buna imkan verməyəcəyik! Teatr bir şəxsin şəxsi mülkü deyil – bu məkan illərini bu sənətə həsr etmiş insanların haqqıdır. Buna görə də, biz açıq şəkildə bildiririk ki, bu məsələlərlə bağlı geniş tərkibli iclas keçirilməlidir. Teatr rəhbərliyi kollektivin narazılığını dinləməli və haqlı iradlara cavab verməlidir.

Bundan əlavə, mən Kulis.az saytına Mehriban Ələkbərzadənin teatrımızdakı fəaliyyəti ilə bağlı müsahibə vermişdim. Lakin kimlərinsə göstərişi ilə həmin müsahibə silindi. Daha sonra jurnalist Ülvi Bahadır mənə bildirdi ki, digər saytlarda yayımlandıqdan sonra rəhbərliyə müraciət edərək onu bərpa ediblər.

Buradan açıq şəkildə bəyan edirəm: heç kim mənim söz azadlığıma məhdudiyyət qoya bilməz! Mən demokratik ölkənin vətəndaşıyam və Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı hüququ var. Böyük kollektivlə işləyən insanlar fərqli fikirlərə açıq olmalıdırlar. Biz teatrımızın gələcəyini qorumaq üçün mübarizəmizi davam etdirəcəyik!”.

Qeyd edək ki, “Baş” tamaşası üçün Günəş Tegin teatra dəvət  olunub. Teatrın açıqlamasında isə bildirilib ki, G. Tegin artıq AzDrama-nın əməkdaşıdır. Bundan əlavə Mehriban Xanlarova və digər sənətçilərin etirazları ilə bağlı bu fikirlər qeyd olunub.