Olay
Olay

Zamiq konsertöncəsi liftdə qaldı, ayağını zədələdi

Zamiq konsertöncəsi liftdə qaldı, ayağını zədələdi

“Konsert hazırlıqlarım uğurla keçdi. Üç gündür ki, Heydər Əliyev Sarayındayıq. Bu günlər ərzində səhnə yığılıb, “soundcheck”lər (səs yoxlama - red.) olunub”.

OLAY yazır ki, bu sözləri iki gün ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında “İfadə” adlı canlı solo konsert proqramı ilə çıxış edən müğənni Zamiq Hüseynov musiqili gecədən əvvəl jurnalistlərlə görüşündə deyib.

Sənətçi əvvəlki konsertlərinin bugünkü ilə fərqliliyindən söz açıb: 

“Bu konsert digər konsertlərimdən onunla fərqlənir ki, iki gün olacaq. Hər il böyüdüyümüz kimi, musiqi dünyamız da böyüyür və bugünkü repertuarımda yeni musiqilər, aranjimanlar, səslər var. Bunlar hamısı fərqlidir. Konsert səhnəmiz çox gözəldir. Monitorlar inanılmaz gözəldir. Konsertdən əvvəlki hazırlıqlar var, biz onu çəkmişik. Çox maraqlı açılış olacaq! Hamısı ayrı-ayrılıqda maraqlıdır. Texniki avadanlıqlara güvənirəm və demək olar ki, bu gün dəbdə olan texniki vasitələrdən istifadə etmişik. İki ildir ki, konsert etmirdim. Konsertimə 20 gün qalmış bütün biletlər satıldı. Hətta istədik ki, üçüncü gün də konsert edək, amma çatdırmadıq, çünki buna zamanımız olmadı. Həm də belə olan təqdirdə iş gününə düşürdü. Risk etmədik. Bütün bunlar məni xoşbəxt edən məqamlar oldu”.

Hüseynov musiqili gecədə şouya deyil musiqiyə üstünlük verdiyini dilə gətirib:

“Mən daha çox musiqiyə önəm verirəm nəin ki, şouya. Bu mənim təbiətimdən irəli gəlir. Musiqi baxımından gözəl olacaq. Çünki məni sevənlər konsertimə məhz musiqilərimə və mahnılarıma görə gəlirlər, sadə bir Zamiqi sevirlər. Yalandan deməyim ki, bu dəqiqə mən səhnədə şou göstərəcəyəm. Onu-bunu edəcəyəm və sairə... Ən əsası isə əvvəlki konsertlərimdə olduğu kimi bu konsertimdə də yalnız canlı ifalarım səslənəcək”.

Zamiq bildirib ki, heç bir sənət dostuna dəvətnamə göndərməyib:

“Bu dəfə konsertimə heç bir sənət dostumu dəvət etməmişəm. Amma bundan əvvəlki konsertlərimdə çox həmkarlarım iştirak edirdilər. Bu dəfə onlara əziyyət vermək istəmədim. Özünüz də bilirsiniz ki, sənətçinin bir tədbirə gəlməsi çox vaxt aparır - hazırlaşmaq, bəzənib-düzənmək və sairə... Ümumiyyətlə, bu dəfə heç kimə dəvətnamə də verilməyib. Hətta yaxın ailə üzvlərim və dostlarım konsertimə özləri bilet alıblar“.

Göz-nəzərə inanmadığını söyləyən estrada ulduzu məşqlər zamanı ayağını zədələdiyini və hətta liftdə belə qaldığını açıqlayıb:

“Dünən qaranlıq oldu, az qala yox 99 faiz elə hiss elədim ki, ayağımı qırdım. Pilləkandan düşəndə ayağımın sındığını hiss elədim. Ayağım şişdi. Hətta ayağım indi də ağrıyır. Şişkinliyini bir az azalda bildik. Elə bildim ayağım qırıldı, amma şükür Allaha hər şey yaxşıdır. Dünən bir-iki dəqiqə liftdə də qaldım. Özüm-özümü rahatlaşdırıram. Mən gözə, nəzərə inanan insan deyiləm. İndi olub da yəqin daha çox göz olub (gülür)”.

Müğənni özəl gecə üçün xüsusi səhnə kostyumu hazırlatdığını deyib:

“Üzərimdə gördüyünüz kostyumum ayaqqabıma kimi hamısı xüsusi ilə bu gün üçün hazırlanıb. Pencəyimi soyunacağam. Pencəyin altındakı geyim də çox maraqlıdır”.

“Bu konsertimdə mən nə yerdən çıxacağam, nə də ki göydən düşəcəyəm” deyən Zamiq fikirlərini belə davam etdirib:

“Sevdiyim sənətçilərin konsertində musiqi daha çox rol oynayır və daha çox söz deyilir. Mən o təbiətdə insan deyiləm ki, səhnəyə paraşütlə uçum və ya helikopterlə gəlim. Eləsəm, süni alınar. Çünki o adam deyiləm”.

Rəşad Əliyev 

Video: Soltan İbrahimov

Fotolar: Ramin Aslanov