Müğənni Yaşar Cəlilov üç ildir qızını görmədiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. Yaşar deyib ki, buna səbəb keçmiş xanımının qızını ona tək göstərməməsidir:
“Mən bir il ailəli olmuşam. Uşağımın bir yaşı yox idi, boşanmaq üçün ərizə vermişdim. Amma qaydalara əsasən boşana bilmədik. Övladımın bir yaşı tamam olan kimi məhkəməyə müraciət etdim. Onu mənə göstərmirlər. Çünki istəyirlər ki, anasının yanında görüm. Bunu istəsəm, elə evimdə görürdüm. Övladımı tək görmək istəyirəm, o insanlarla bir mühitdə olub, eyni havanı udmaq istəmirəm. Övlad hər ikimizindir, vaxtı gələndə qayda-qanunla görərəm. Mən bunu danışanda çoxları qınadı məni. Qızımı görmək ata kimi mənim haqqımdır. O, rəhmətə gedəndə məzarında Cəlilova Ayşə Yaşar qızı yazılacaq. Mənim onun üzərində haqqım var, ölənə qədər də qulluq edəcəm. Sadəcə qayda-qanun var deyə, mən bunları pozmaq istəmirəm. Onun axırıncı dəfə altı aylıq olanda görmüşəm, üç ildir görmürəm. Uşağı görmək istəyirəm. Amma sonuncu dəfə dedim ki, belə göstərirsizsə, valideynlərim gəlib götürəcək, mən də bir neçə saat onu görəcəm. Deyirlər yox, ancaq anasının yanında. Deyirlər üç yaşından sonra tək görə bilərəm.
Qaydalara riayət edirəm, üç yaşından sonra məhkəməyə müraciət edərək, tək görəcəm. Mən vaxtlı vaxtında alimenti də ödəyirəm, ad günündə hədiyyə də göndərmişəm, qəbul etməyiblər. Onların uşağa etdiyi hörmətsizlikdir. Avqustda üç yaşı tamam olacaq. İnşallah onunla fotolarımı paylaşacam. Arzu etmişdim uşağıma anamın adını qoyum. Arzuma da çatdım. O, mənim qızımdır, mənim genimdəndir, pis ola bilməz. İnşallah böyüyəndə bu videolara baxar”.