Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə gec-gec çıxmasının səbəbindən danışıb.
OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında ARB TV-də yayımlanan “Pərvizə görə” proqramında açıqlama verib.
Sevda deyib ki, keyfiyyətli layihələr az olduğu üçün efirdən uzaq gəzir:
“Öz seçimimdir. Çünki keyfiyyətli layihələr azdır. Çox olsa, həmin verilişlərə məmnuniyyətlə gedərəm. Düzü, tənbəlliyim də var. Deyim ki, hər verilişə ürək atıb gedirəm, yox. Bu, son illər belə deyil. Həmişə belə olmuşam. Mən tanınmış yazıçı ailəsində doğulmuşam. Gözümü açandan bizim evdə çəkilişlər olub, televiziyada göstəriblər. Ona görə həmişə televiziyaya qarşı rahat olmuşam. Amma işlərimlə bağlı çıxmalıyam. Son illər televiziyada olanları gördüm. Düşündüm ki, belə şeylərə qatılmaq, kiminsə əlində oyuncaq olmaq istəmirəm. Söhbət son iki-üç, beş ildən yox, son 15 ildən gedir. Mən o deyiləm, mənə o reytinq lazım deyil. Vacib deyil ki, bu verilişə çıxım, sabah hamı məndən danışsın. Mən onun yolçusu deyiləm. Az olsun, reytinqi olmasın, hörmətli olsun. Mənim üçün hörmət çox önəmlidir. Kimsə məni sevməyə bilər, hörmət isə çox vacibdir. Aparıcılar özlərinə sual versinlər ki, əsl sənətçilər niyə efirə gəlmir? İllər əvvəl “Arazbarı” layihəm işıq üzü görəndə kanallardan biri dəvət etdi ki, sənin bu layihənin verilişdə təqdimatını edək. O da çox böyük iş idi. Gürcüstanda xorla oxumuşduq, ümumiyyətlə ilk dəfə ifa olunurdu. Verilişə gəldim, yanımda bir ifaçı oturub, onu tanımıram. Həyatımda onu ilk dəfədir görürəm, ümumiyyətlə Azərbaycanda yox, Rusiyada yaşayırmış. Bu ifaçını bir təqdim etdilər ki... Mən də atası-anası olmayan yetim kimi qıraqda oturmuşam. Bu gələn kimdir? Mahnıları da restoran mahnılarıdır. Fikirləşdim ki, mənim burada nə işim var? Niyə gəlmişəm? Mənim də layihəm sadəcə “Arazbarı” kimi təqdim olundu. Anladım ki, bu insan verilişə çıxmaq üçün külli miqdarda pul verib. Məni etdilər heç, onu isə... Onu birinci və sonuncu dəfə gördüm, sonra da efirlərdə rastlaşmadım. Bunu özünü pula satan insanlar etdilər. Amma ayıb və insaf deyilən bir şey var. Siz onu edəndə utanmadınız? Bu kimi şeylər sənət adamını qırır. Sonra deyirsən ki, verilişə getmirəm, ya da tək çıxıram. Bu, bir neçə dəfə təkrarlanan hadisələrdir ki, başıma gəlib, Sonradan özümə söz verdim ki, bu, belə olacaq. Ona görə də aparıcılar deyəndə ki, biz çağırırıq, onlar gəlmir. Siz bilin ki, niyə getmirik. Əniməm ki, tək deyiləm, eyni fikirdə olan bir çox sənətçilər, musiqiçilər var. Məsələn, kiminsə evinə qonaq gedirsən, soruşursan ki, kimlər olacaq? Bu, ona görə deyil ki, kimisə özündən aşağı görürsən. Yox. Mən birgə əyləşdiyim insanla söhbətim tutmalıdır, dünya görüşümüz bir olmalıdır, o bilməlidir ki, yanındakı insanın sənəti nədir, mən də həmçinin. Bu kimi şeylər üst-üstə düşməyəndə uyğunlaşmır. Sənə də xoş olmur, sən də qaşqabaqlı olursan, sonra da özünə söyürsən ki, niyə o verilişə çıxdım? Bunlar olmasın deyə əvvəldən öz sözünü deyirsən. Mən kimi günahlandırıram? Televiziyaları. İndi şükür ki, elə kanallar, verilişlər var ki, keyfiyyətli iş üçün çalışırlar. Reytinq olmasa da, keyfiyyət olsun deyə çabalayırlar. İndi internet dövrüdür. Kim nəyi istəyirsə, girib baxacaq. Siz onu efirə çıxarmayın. Efirə çıxaranda səviyyəli insanla, verilişlə eyni durur. Adi insan başa düşmür ki, bunların hansı yaxşıdır. İkisini də efirdə görürəmsə, deməli, eyni səviyyədədir deyə fikirləşir. Efir tərbiyləndirməlidir, nümunə olmalıdır. O cümlədən efirə çıxan insanlar, verilişlər örnək təşkil etməlidir. Çünki balaca uşaqlar izləyir, norma kimi qəbul edir, elə böyüyür. Bu, mənim şəxsi fikrimdir. Bəzi verilişlərə hərdən baxıram. Bilmirəm, gülüm, ya ağlayım. Çox acınacaqlıdır. Sanki aparıcı məhəllədə qonşuları ilə oturub, bir tumları çatmır”.