“Üç yaşımdan qardaş, bacımla uşaq evində böyümüşük. Bunu heç vaxt gizlətməmişəm. Uşaq evindən çıxan uğurlu gənclərimiz də var, təəssüf ki, intihar edənlər, pis yola düşənlər, həbsə düşənlər çoxdur. Mən o qardaş-bacılarıma örnək ola bilərəm ki, yanınızda heç kim olmadan da istədiyiniz yerə gedib çıxa bilərsiz. Özünüzə inanın. Sizə ailə lazım deyil. Nə ailə?”.
OLAY yazır ki, bu sözləri müğənni Röya Məmmədova (Hiss) “Popumuz var” verilişində deyib. Uşaq evində böyüdüyünü etiraf edən sənətçi orada vəziyyətin ürəkaçan olmadığını bildirib:
“Oradakı vəziyyət çox pisdir. Mən yaşadığım yer çox yaxşı idi. Uşaqların dünya görüşünü inkişaf etdirmirlər. Onlara maaş kimi baxırlar, gəldi, yedirdi getdi. Onlara əşya kimi baxırlar, gələcəyini düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Orada yüzlərlə uşaq var, necə tərbiyə etsinlər? Öz uşaqları kimi yanaşmırlar”.
“Başqasını ailəsiylə xoşbəxt görəndə adam əsəbiləşir ki, məndə niyə yoxdur? 5-12 yaş arası uşaqlarda travma yığılır, sonra deyirlər ki, bunun niyə başı xarabdır?”, - deyə, Hiss bildirib.
O, uşaq evlərindəki problemlərdən, biganəlikdən də söz açıb:
“15 yaşımda “Sən bir nəğməsən” yarışmasında oxumuşam. Orada uşaq evindən olan uşaqlar var idi. Başqa uşaqlar kotleti salfetə bükürdü, deyirdim, sən niyə elə edirsən? Deyirdi ki, qardaşıma aparıram. Qayıdanda maşında çıxarırdı, iyləyirdi, təzədən yerinə qoyurdu. Düşünürdüm ki, dəlidir. İndi düşünürəm ki, ət görmürdü axı, yazıq neyləsin? Uşaq evində qida, geyim çatışmazlıqları var idi. Aparırdılar öz yetimçələrinə - üzr istəyirəm, uşaqlarına. İnsan kimi insanlar da var idi, lakin çoxu görməmiş idi. Nə var aparırdılar - elə bil ayıdırlar, qışa tədarük görürlər. Özlərinin də dünya görüşü yoxdu, görməmişdirlər”.