OLAY mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin 1-ci ölüm ildönümündə ötən il vida günü televiziya prodüserinə həsr edilən yazını təqdim edir:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğunun bu misraları həmişə kövrəldib məni. İstər-istəməz gözümdən yaş axıb. Hələ də el qədrini canından daha əziz bilən adamlar dünyadan vaxtsız köçəndə ağlımdan keçən ilk sözlər olub.
Bu gün də, dünən də beynimdə bir külək uğultusu kimi səslənirdi. Axı daha bir yaxşı adamı itirdik. Ani, qəfil bir vida idi.
Təbii ki, söhbət “SOY” prodakşının rəhbəri Oqtay Əliyevdən gedir.
Oqtay müəllimin hər mövzuda bir fikri olurdu. Ona görə yox ki, danışmaq üçün danışırdı. Əsla. Bunu getdiyi üçün demirəm. Həqiqət budur ki, fikrinə əsas gətirirdi, statusunda, rəyində də nəsə öyrədirdi. Cəmiyyətdə düzgün fikrin formalaşmasında böyük rolu var idi. Hələ ki şou-biznesdə. Haqqı danışırdı, reallığı müdafiə edirdi. Mən onunla çox az ünsiyyətdə olmuşam bəlkə. Bir neçə mövzuda danışmışıq. Amma bir-iki dəqiqə yox. Azı 10 dəqiqə öz fikrini səsləndirirdi. Əsaslandırırdı. Belə olmalıdır, deyirdi. Dediyi kimi də çıxırdı.
Bir sirri açım, jurnalistlər ən çox telefonuna tez və yaxşı cavab verən ekspertləri sevir. Oqtay müəllim də elə idi axı. Ən naşı jurnalistin də sualını cavabsız qoymurdu. Onun bilmədiyi nəsə olanda da öyrədirdi.
Biz sevirdik Oqtay müəllimi, o da bizi. Bir dəfə demişdi ki, mən sizi müdafiə edirəm, sizi səhifə adminləri ilə səhv salıb danışırlar. Hə, nə yalan deyim, televiziyadakı çox həmkarımızdan möhkəm dururdu tərəfimizdə.
Feysbukda yazdığı bir cümlə də xəbər olurdu. Statusları, hər mövzuya özünəməxsus yanaşması zaman-zaman gündəm yaradırdı. Televiziyamızda bir brend idi Oqtay Əliyev.
Biz onu necə itirdik. Heç inanılası deyil. İlk xəbəri oxuyanda da belə demişdim, inandırıcı deyil, özünə zəng edək. Amma... Bu dəfə Oqtay müəllim jurnalistlərə istəmədən də olsa, vəfasızlıq etdi. Açmadı zəngləri. Ürəklə “alo” demədi. Gözləyirdik ki, zəngi açıb, uzun-uzun yayılan xəbərə güləcək. Türklər demiş, bu dəfə nə güldü, nə güldürdü.
Səhər tezdən qapının yanında ağlaşma səslərini eşidəndə dərk etdim ki, artıq Oqtay Əliyev yoxdur. Televiziyadan, proqramlardan, müğənnilərdən bir mövzu olanda zəng edəcəyimiz, hər maraqlı statusumuza fikrini yazan, reaksiya verən adam yoxdur.
Eyni stiuasiyada, həmin yas ab-havasında bir neçə dəfə rastlaşmışdıq Oqtay müəllimlə. Ruhəngiz Qasımovanın vida mərasimi idi. Gördüm ki, bir kənarda gözünün yaşını silir. Etik deyil bəlkə, amma mən onun Ruhəngiz xanıma vidasını, göz yaşlarını lentə almaq istədim. Sonra özü ilə həmsöhbət olduq. Danışanda da kövrəldi. Deyirdi ki, Ruhəngiz xanım ölümündən bir müddət əvvəl zəng edib, “Hazırlaş “Yeni ulduz”u yenidən başlayaq” deyib. Bu gün vidada Mübariz Tağıyevlə, Murad Dadaşovu görəndə beynimdən bir sızıltı kimi həmin açıqlama keçdi.
“Yeni ulduz”un işığı birdəfəlik söndü? Hə. Deyəsən, söndü.
Onda bir video hazırlamışdım, fonda “Yeni ulduz”un mahnısı səslənirdi, “Get, yolun açıq olsun” deyirdi. Oqtay müəllim şərh yazmışdı: “Ruhun şad olsun, gözəl, səmimi Ruhəngiz xanım”.
Düz yeddi ay sonra onun üçün dedik eyni sözləri. İki-üç ay əvvəl də Heydər məscidində yolumuz kəsişmişdi. Mərhum Tünzalə Əliyeva ilə vidada. Dünən nəşini məhz həmin məsciddən yola saldılar evinə. Taleyin ağrılı bir oyunudur bu. Hər nədirsə, biz Oqtay Əliyevi itirdik.
Dilarə xanımın ağrı ilə, hönkürərək dediyi sözlər yadımdan çıxmayacaq yəqin: “O boyda Oqtay necə sakit durub”. Mən hələ belə səmimi ağı eşitməmişdim. Hə, Oqtay müəllim, biz ki, sizi bugünkü kimi sakit görməyə öyrəşməmişik...
İndi sizin haqqınızda deyirik, yolunuz açıq olsun, qapıdan çıxanda səslənən alqışlar da, tökülən göz yaşları da sizin üçün idi.
Bir də nə üçün təəssüflənirəm. Sonuncu müsahibələrinizdən biri idi. İrəvandan danışırdız, ata-baba yurdunuzdan. Dediz, çox istəyirsiniz ki, o torpaqlara qayıdasız. Bunu deyəndə gözünüz doldu. Mən onda ürəyinizdəki həsrəti duymuşdum. Kaş belə olmazdı.
Bir yazı yazmışdım: “Şəkilsiz məşhurlar”. Sizin yeni şəkliniz çox az idi. Xəbərlərə yerləşdirmək üçün bir foto tapa bilmirdik. Hələ demişdim ki, Oqtay müəllimlə Dilarə xanımı müsahibəyə çağıraq, yeni şəkillərini çəkərik. İndi baxıram məzarınızın başındakı fotonu ilk dəfədir görürəm. Adam öləndə şəkil də tapılırmış, Oqtay müəllim...
Samirə Ərəblinskaya