Olay
Olay

Roldan həqiqətə çevrilən sevgilər…

Roldan həqiqətə çevrilən sevgilər…

Bəzən serial və filmlərdə tərəf müqabili olan aktyorlar bir-birilərinə çox yaraşdırılır. Hətta onların real həyatda da sevgili, evli olduğu düşünülür. Cütlüklərlə bağlı xəbərlər yazılıb-pozulur...

Çox vaxt iddialar həqiqəti əks etdirir. Yəni ekran işində sevilən, yaraşdırılan simalar həyatda da eşq yaşayırlar.

OLAY iş birlikləri eşqə çevrilən cütlükləri təqdim edir.

Bəlkə də Türkiyənin ən çox bəyənilən məşhur cütlüklərindən biridir. Nə az, nə çox, düz, 16 il bundan əvvəl “Binbir gece” serialında başlayan münasibətlərini evliliklə taclandırdılar. Söhbət Bergüzar Korel və Halit Ergencdən gedir... 2009-cu ildə ailə quran cütlüyün Ali adlı oğlan övladı dünyaya gəldi. İki il əvvəl oğulları Hanı qucağına alan cütlüyün bu yaxınlarda bir qızı da doğuldu.

İkinci cütlük Canan Ergüder və Kenan Ecedir. Aktrisa çətin günlərdən keçsə də, həyat yoldaşı və oğlu daim yanındadır. Onların münasibəti “Güllerin savaşı” serialının çəkilişlərində başlayıb. 2017-ci ildə evlənən cütlüyün bir il sonra Demir adlı oğlu olub. Onlar işlərindəki uğurları qədər, özəl həyatları ilə də bəyənilirlər.

Cansu Tosun və Erkan Kolçak Köstendil “Familya” serialında birgə rol alıb. Elə iki aktyor sözügedən ekran işinin çəkilişlərində tanış olub. Serialda da ssenariyə əsasən eşq yaşayan sənətçilərin real həyatda münasibətləri başlayıb. 2018-ci ilin yayında isə ailə qurublar. İki il əvvəl də oğulları Marseli qucaqlarına alıblar.

Bir vaxtların məşhur serialı “Kiraz Mevsimi”... Yəqin ki, hər kəs bu ekran işindən xəbərdardır. Baş rolları Özge Gürel və Serkan Çayoğlunun da ulduzu bu serial ilə parıldadı. Bununla yanaşı,  iki aktyorun sevgi münasibətləri başladı. Elə 2014-cü ildən bəri də sevgilidirlər.

2013-də “İntikam” serialının çəkilişlərində tanış olub, iki il sonra ailə qurdular. Beyza Şekerci-Engin Hepileri cütlüyü Beren Saat və Mert Fıratın baş rol olduğu ekran işində yer alırdı. Bu serialdan süpriz eşq xəbəri yayıldı. Onlar 2018-ci ildə oğulları Cana qovuşaraq valideyn oldular.

Bir çox tanınmış aktyorun rol aldığı “İçerde”də həm də süpriz eşq başladı. Ekran işinin baş rolu Çağatay Ulusoy və polis qızı canlandıran Duygu Sarışın sevgili oldu. Serial 2017-də final etsə də, Sarışın və Ulusoyun sevgi münasibətləri davam edir.  

Özge Özpirinçi və Burak Yamantürk 9 il əvvəl “Tatar Ramazan” serialının çəkilişlərində tanış oldular. İllərlə sevgili kimi həyatlarına davam etdilər. Ötən il nikah bağladılar. Bir neçə ay əvvəl isə qızları Mercan dünyaya gəldi.

“Sen çal kapımı” serialı yayıma başlayanda Hande Erçel müğənni Murat Dalkılıç ilə sevgili idi. Hər nə qədər tərəf müqabili Kerem Bürsin ilə adı hallansa da, hər iki aktyor da bu xəbərləri yalanladı. Daha sonra Hande ilə Murat yollarını ayırdı. Bunun ardınca serial eşqi reallaşdı və Keremlə Handenin sevgili olduğu təsdiqləndi.

Pınar Deniz və Yiğit Kirazcı “Aşkın kiyameti” adlı Netflix filmindən sonra eşq yaşamağa başladı. “Yargı”dakı performansı ilə bəyənilən Pınar özəl həyatında da çox xoşbəxtdir. Yiğit bir açıqlamasında Denizi ilk görüşdə bəyəndiyini dilə gətirib.

Ötən ilin yay aylarında “Ada Masalı” serialında tanış oldular. Ayça Ayşin Turan və Alp Navruz ekran işindəki kimi həyatda da sevgilidir. Bunu başda gizlətsələr də, sonra Navruz yayılan xəbərləri təsdiqlədi.