Olay
Olay

Yarım əsrlik Faiq Ağayev...

Yarım əsrlik Faiq Ağayev...

Xalq artisti Faiq Ağayev bu gün 50 illik yubileyini qeyd edir.

OLAY yazır ki, sənətçi doğum günü ilə bağlı video-müraciət paylaşıb. Faiq bildirib ki, ömrünün 33 ilini səhnədədir:

“Bu illər ərzində enişli-yoxuşlu, çətin mürəkkəb, amma çox xoşbəxt, sevgi və səadət dolu yol keçdim. İndi qərarlaşdığım bu yerdə deyə bilərəm ki, arzusunda olduğum həyatı yaşayıram. Nağıl, film, daha düzgünü mahnı kimi bir ömür yolum var. Həyatımda heç nəyi dəyişmək istəmirəm. Məncə, 50  təşəkkür yaşıdır. Mənə sənəti öyrədən əziz müəllimlərimə-Yaşar Nuriyə, Cahangir Novruzova, Şəfiqə Məmmədovaya qəlbən minnətdəram. Yaxşı ki, sizin kim  ustadlarım var.

Bilirsiz ki, Azərbaycanın ən gənc Əməkdar və Xalq artistiyəm. Bu ali fəxri adlara layiq görüldüyümə görə, Vətənimə, dinləyici və tamaşaçılarıma, bu adlarla məni təltif etmiş Ulu öndər Heydər Əliyevə, müzəffər Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Bütöv Azərbaycanın Xalq artisti olmaq ayrı ləzzətdir. Tanrı mənə böyük şəxsiyyətlərə görüş, şəxsi tanışlıq və səmimi münasibət qismət edib. Tofiq Quliyev, Əlibaba Məmmədov, Polad Bülbüloğlu, Müslüm Moqomayev, Zeynəb Xanlarova kimi nəhənglərlə doğma tək ünsiyyətdə olmaqdan çox xoşbəxtəm.  Xoşbəxtəm ki, müstəqil Azərbaycanın yaranmasının canlı şahidiyəm, vətənimizin keçdiyi yüksəliş yolu anbaan gözümün önündədir. Hamımız kimi mən məmləkətimizin hər uğuruna sevinib, hər acısına yanmışam.

Bir narahatlğım var idi: Qarabağ. Çox şükür ki, Allah mənə bu nigaranlıqdan qurtulmaq sevincini yaşatdı. Torpaqlarımızın, ordumuzun parlaq yürüşü nəticəsində işğaldan azad olunduğunu gördüm. İki ildir ki, böyük səhnə üçün yaman darıxmışam, hamını bezdirən pandemiya mənim də qol-qanadımı bağlayıb, səsimi dustaq edib. Məhdudiyyətlər imkan vermədi  ki, irimiqyaslı ənənəvi yüz faiz F.A keyfiyyətli böyük solo konsert verim. Çoxunuz yaşıma təəccüblənib, heç 50 kimi görünmədiyimi deyirsiniz. Çox istərdim ki, ruhumun necə cavan olduğunu sizə səhnədə göstərim. Sizinlə tezliklə böyük zalda görüşəcəyimə əminəm".