Sentyabrın 29-da Las-Veqas polisi amerikalı hip-hop ifaçısı Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi həbs edib.
OLAY yazır ki, 25 yaşlı musiqiçi 1996-cı ildə hərəkətdə olan avtomobildən açıqlan atəş nəticəsində öldürülüb.
Dueyn "Keff D" Devisə qarşı tezliklə ittiham irəli sürüləcək.
Baş rayon prokurorunun müavini Mark DiGiacomonun sözlərinə görə, müttəhim reperin ölümünü sifariş edənlərdən biri ola bilər.
Dueyn bir müddətdir ki, müstəntiqlərin hədəfində olub. Hələ iyul ayında həyat yoldaşının evində axtarış aparılıb.
Evdən bir neçə kompüter, telefon və sərt disk, Şakurun yer aldığı "Vibe" jurnalı, bir neçə 40 kalibrli güllə, çox sayda fotoşəkillər tapılıb.
2018-ci ildə reperin ölümü ilə bağlı sənədli filmdə Devis Tupakın vurulduğu "Cadillac"-da olduğunu etiraf edib. O, həmçinin yanında oturan qatilin, qardaşı oğlu Orlando Andersonun adını çəkib.
İddialara görə, iki dəstə arasında baş verən qarşıdurma səbəbindən reperlə Anderson arasında münaqişə yaranıb. Andersonun özü qətldə iştirakını qəti şəkildə inkar edib və Tupakın ölümündən iki il sonra özü güllələnib.