“Bakıda kirayə yaşayırdıq. 11 Sentyabr hadisəsindən 10 gün keçmişdi. Qənirə xanımgilin evində təmir gedirdi. Rəfiqəm bir müddət mənimlə qalmalı oldu. Bütün günü işləyir və işləyirdi. Bir axşam həyətdə olan hamamı qalayanda orda olan qızdırıcı partladı. Hamam sıradan çıxdı… Üzüm və bədənimdə xəfif yaralar var idi. Qənirə məni 5 nömrəli xəstəxanaya çatdırdı”.
OLAY yazır ki, bu sözləri jurnalist Qənirə Ataşova komaya düşən həmkarı Qənirə Paşayeva ilə bağlı xatirəsini bölüşərkən yazıb.
“Orda əvvəl özümdə idim. Bir anlıq huşumu itirdim. Ruhumu göydə hiss edirdim. Çarpayım pəncərə qırağında idi. Bir anlıq özümə yuxarıdan baxdığımı hiss edirdim. Çox xoşbəxt idim. İşıqlı yerdən aşağı baxırdım. Qənirə Paşayeva orda həkimlərə kömək edin deyib var gəl edirdi. Birdən ağzını ağzıma dayayıb mənə nəfəs verməyə başladı. Mən özümə gələndə ağrı bədənimdə idi, Qənirə Paşayeva isə mənə nəfəs verirdi…. Mən indi sənə nəfəs olmaq istəyirəm əzizim, ağıllım, dostum. Etibarlı dostum” – deyə Q.Ataşova qeyd edib.