"18 il öncə “Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır. Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim".
OLAY yazır ki, bu sözləri "Qarabağ" futbol klubundan ayrılan Qara Qarayev vida mesajında yazıb.
"İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman mənə öz övladınız, qardaşınız kimi sahibləndiniz..." - deyə Qarayev bildirib.
O qeyd edib ki, futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımnı “Qarabağ”a borcludur: "Bütün azarkeşlərə, eləcə də “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, “Qarabağ” daim ürəyimdə qalacaq".