Olay
Olay

“Şəxsi həyatım çox gözəldir, azadam!”

“Şəxsi həyatım çox gözəldir, azadam!”

Aparıcı-aktyor Şəhriyar Əbilov son layihələrindən, şəxsi həyatından, televiziya fəaliyyətindən danışıb.

Bu barədə sənətçi OLAY-a özəl açıqlamalar verib. Əvvəlcə Şəhriyar aktyorluqla ölkə hüdudlarından kənara çıxmasından söz açıb:

“Hindistandan yeni qayıtmışam. Mumbay ardınca da Qoa şəhərində çəkilişlərimiz oldu. Azərbaycan tarixində ilk insanam ki, Bollivuda dəvət aldım. Düzdür, bəlli aktyorlarımız var ki, hind filmlərinə çəkiliblər. Amma azərbaycanlı aktyor kimi Hindistana dəvət edildim, rəsmən Bollivud filmində çəkildim. Azərbaycanlı iş adamını canlandırmışam. Yaxın zamanda həm Hindistan kinoteatrlarında, həm “Netflix”də görə biləcəksiz. Azərbaycanı təmsil edirəm, maraqlı obrazım var. Baş qəhrəman xanım məni öz tilsimi altına alıb məlumatları öyrənmək istəyir. Deyəsən, alınır. Bir azərbaycanlı kişi olaraq gözəl xanımı görən kimi “əriyir”, bütün məlumatları verirəm. Məni maraqlı sima kimi gördülər. Dedilər ki, ingilis dilini daha da mükəmməlləşdirsəz, sizinlə ardıcıl işlərimiz olacaq. Əslində Azərbaycanda çəkilişlərimiz olub bitmişdi. Orada prodakşın analiz etdi, dedilər ki, bu obrazı davam etdirməliyik, çünki maraqlı oyun olub. Oyunumu bəyəndikləri üçün Hindistana dəvət etdilər”.

 Şəhriyar həm də iki ölkənin də kinoya olan marağından bəhs edib:

“Azərbaycan kino tarixində “Xoxan” və “Stalinin başı” filmləri ilə 150 min tamaşaçı rekordumuz var. 10 milyon əhaliyə 150 min çox azdır. Kinomuz inkişaf etməlidir ki, tamaşaçı gedib, sevsin. Hindistanda 1 milyard 500 milyon insandır. Onun demək olar ki, 90 faizi kinoya gedir. Sən 3 milyon dollara kino çəksən, milyardlarla pul qazana bilərsən. Ona görə hər il yüzlərlə film çəkilir və sevilir. Bir dilənçi maşınıma yaxınlaşıb pul istədi. Onu götürüb kinoteatra getdi. Mən təəccübləndim, soruşdum ki, niyə kinoteatra gedir? Özünə yemək almır. Dedilər ki, bu ərazidə insanlarda televizor yoxdur. O insan kinoya baxıb bütün ailəsinə danışacaq. Yəni kinoya olan sevgiləri daha çoxdur. İnşallah bizdə də belə olar. Biz də onlar və başqaları kimi çox qonorar alarıq”. 

Əbilov televiziyadakı gənc həmkarlarından söz açaraq onlar arasında istedadlı simaların olduğunu söyləyib:

“Doğrudan da savadlı, istedadlı gənclərimiz çoxdur. Əfsuslar olsun ki, elə dövrə düşüblər ki, tanınmaq çətindir. Biz televiziyaya çıxanda sosial şəbəkələr, feyk kanallar və sairə yox idi. 5-6 kanal var idi. Mən “Qəfəs” realiti-şousundan çıxanda tələbələr, məktəblilər vərəqlə  avtoqraf götürürdülər. İndi on qat o vaxtkından çox tanınmışam. Amma sadəcə reaksiya budur: “Tanıdıq”. Sonra da gedirlər. Əlçatmazlıq yoxdur. Bunda da televiziyadan daha çox sosial şəbəkələr rol oynayır. Ona görə də televiziya sosial şəbəkələrə inteqrasiya etməyi bacarmalıdır. Ayaqlaşmalıdılar, başqa yolları yoxdur”. 

Sənətçi şəxsi həyatına gəlincə bunları söyləyib:

“Şəxsi həyatım çox gözəl gedir, azadam, gözələm, əhvalım yaxşıdır. Hər kəsə diqqət yetirə bilirəm. Həyatım da kimsə olacaqsa, olacaq. Bu taleyə bağlıdır. Hələ ki, sevmirəm. Sadəcə hamını sevirəm. Ən böyük sevgim isə doğmam anama və oğlum Osmana aiddir. Vaxtımın çox hissəsini oğluma ayırıram, qalanında isə yalnız çalışıram. Bilirsiz ki, Rəssamlıq Akademiyasında oxuyuram, qarşıdan imtahanlar gəlir. Bir tərəfdən layihələr, filmlər. Hər şey gözəldir”.

Şəhriyar dost kimi ayrıldıqlarını demələrinə baxmayaraq keçmiş xanımı Oksana Rəsulova ilə bir araya gəlmə səbəbləriylə bağlı suala bu reaksiyanı verib:

“Bu haqda heç danışmaq istəmirəm. Ora bir nöqtə qoyulub elə də qalacaq. Bu suala mən tabu qoymuşam. Heç yerdə heç nə danışmaq istəmirəm. Kim nə görür, necə başa düşür düşsün”.