Sevgilisi tərəfindən şiddətə məruz qalan Razi Əliyeva açıqlama yayıb.
OLAY yazır ki, Razi instaqram hesabında bu sözləri qeyd edib:
“Nədən başlayacağımı heç bilmirəm. Birinci növbədə Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinin Rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm! Azərbaycan polisi var olsun! İkinci növbədə isə sosial şəbəkələrdə, həyatda mənə olunan dəstəyə və köməyə görə, hər kəsə minnətdarlığımı bildirirəm. Hamı bacardığı gədər mənə dəstək verdi, yanımda oldu. Bunu heç vaxt unutmaram. Doğrunu bilməyib məni daşlayan insanlar kimi etmədiyiniz üçün sonsuz təşəkkür edirəm. Çox təəssüf ki, yaşadığım cəhənnəmin şahidi oldunuz. İndi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm.
Əvvəla onu bildirmək istəyirəm ki, münasibətə subay və ilk baxışdan normal oğlan ilə başlamışdım. Heç kim münasibətin əvvəlində insanın nə cür olduğunu bilə bilməz. O, məni döyməyə, təhqir etməyə, işgəncə verməyə, alçaltmağa başlayandan sonra ayrılmağa çalışmışam. Lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə-qorxu ilə bitirdi. O, mənə bıçaq ilə işgəncə verirdi, 13-cü mərtəbənin pəncərəsindən aşağı atmağa cəhdlər edirdi, huşumu itirəcək qədər boğurdu və ölümünə döyürdü. Yaydığı videoda səsləndirdiyim sözləri işgəncə vərərək dedizdirib ki, bu video ilə məni şantaj edib, yanında saxlasın. Mənim yaşadığımı yaşasaydınız, bundan da betǝr sözləri dəməyə razı olardız. O, telefonumu əlimdən alaraq məni evdə bağlayırdı. Özü isə adımdan fǝrqli insanlar və özü ilə yazışırdi ki, növbəti şantajlar üçün əlində nələrsə olsun. Məni tanıyan hər kəs heç vaxt narkotik vasitələrindən istifadə etmədiyimi təsdiq edə bilər. Nə keçmişdə, nə də indi. Bu, absurddur. Bir insan belə məni narkotikin təsiri altında görəcəyini deyə bilməz. Lazım olan bütün analizləri verməyə hazıram. Şəkildə görünən isə özünə məxsus idi və o fotonu İspaniyada çəkmişdi.
Mən evli biri ilə görüşmürdüm. Dekabr ayında evliliyini və yanvar ayında boşanmağa ərizə verdiyini gizlədirdi, yazışmaların skrinləri də buna sübutdur. Onun evli olduğunu məni sonuncu dəfə boğduğu və döydüyü gün bilib evdən yenidən anamın yanına qaçmışam. Bundan sonra şantajlar və hədə-qorxular yenidən başlandı. Tək mənim yox, anamın və rəfiqələrimin ünvanına da. Hamının həyatını cəhənnəmə döndərdi. Bütün bunlardan əlavə anamın evinə gəlib qapını sındırmağa cəhdlər edirdi ki, məni çıxardıb özü ilə aparsın, nəticədə isə qapının qulpunu sındırdı. Bütün bunları etmə səbəbi məni məcbur, qorxu içində yanında saxlamaq idi. O, mənə hər zaman deyirdi ki, ondan ayrılsam, həyatımı cəhənnəmə çevirəcək və elə biabır edəcək ki, heç kim mən tərəfə bir də baxmasın. Bunun bir məqsədi var idi, məni hamının yanında hörmətdən salmaq. Bəli, mən abort etmişəm, amma 12 dəfə yox. Qadının orqanizmi nə cür qurulmalıdır ki, o qədər uşağa qala bilsin. Abortumu ondan etmişdim və heç də peşman deyiləm, olmayacam da. Çünki onun kimi ikincisini dünyaya heç vaxt gətirmərəm. Belə pisǝmsə, niyə uşağını saxlamaq üçün yalvarırdı? Niyə evlənmək təklifi edirdi? Niyə valideynləri ilə tanış edirdi? Bunların hamısı şər və böhtandır! Bütün bunlar xəstə və manyak insanın intiqamıdır. Hansı ki, məni əşya bilib yanında saxlamağa çalışırdı.
Sonuncu dəfə evimdən qaçanda nələrin baş verəcəyini gözə almışdım. Çünki başa düşürdüm ki, mənim iki çıxış yolum var. Ya biabır olmaq, ya da ki ölmək. Mən birincini seçdim. Hər kəsi çox gözəl anlayıram, yaşadıqlarım o qədər dəhşətlidir ki, hər kəsə inandırıcı gəlməyə bilər. Siz belə şeyləri yalnız qorxulu filmlərdə görmüsüz, mən real həyatda yaşamışam. Bütün sübutları Dövlət orqanlarına təslim etdim. Çox şükür Allahıma ki, yazışmalarımız, ölüm hədələri hər biri telefonumda qalıb. Bunun üçün çox sevinirəm və ümid edirəm ki, haqq ədalət öz yerini tapacaq”.