Olay
Olay

Klipindən sonra mahnısına da qadağa?

Klipindən sonra mahnısına da qadağa?

Müğənni Dilarə Kazımovanın “Alov” mahnısına Xəzər TV tərəfindən qadağa qoyulduğu iddia edilib.  

OLAY yazır ki, iddiaya görə, sənətçi “Xəzər axşamı” verilişində qonaq olduqdan sonra belə bir addım atılıb. Buna səbəb isə bəstənin sözlərində “İstərəm dodaqlarını hiss edəm” kimi ifadələrin yer almasıdır.

Dilarə Kazımova OLAY-a açıqlamasında köməkçisinə belə bir məlumatın verildiyini söyləyib:

“Dünən mənim köməkçimə zəng olunub deyilib ki, saat 23:00-a qədər televiziya və radiolarda “Alov” mahnısının səsləndirilməsi qadağan edilib. Ancaq mahnının sözlərində heç bir artıq-əskik ifadə yoxdur. “Alov”da sevgi və ehtirasdan söhbət gedir. Heç qadağa qoyulmasına inanmağım gəlmədi...”.

Audiovizual Şuradan OLAY-a verilən məlumata görə, qurum müğənniyə belə bir qadağa tətbiq etməyib:

“Şura heç bir müğənniyə qadağa qoymayıb və belə səlahiyyəti də yoxdur. Belə məsələlər yayımçının tabeliyindədir. Onların daxili, yəni proqram siyasətinə biz müdaxilə etmirik”.

Xəzər TV-nin ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova isə saytımıza açıqlamasında bildirib ki, müğənniyə qadağa qoyulmayıb:

““Xəzər axşamı” proqramının tam versiyası “YouTube”da yayımlanıb. Həmin videoda Dilarə Kazımovanın ifa etdiyi mahnıya müdaxilə olunmayıb. Müğənninin mahnısına, klipinə televiziyada heç bir qadağa tətbiq edilməyib”.

Qeyd edək ki, sənətçi iki ay əvvəl sözügedən mahnıya çəkilən klipini Xəzər TV-də yayımlanan “Səhər Mərkəzi” proqramında göstərmək istəmiş, lakin görüntülərin açıq-saçıq olduğu iddia edilərək həmin layihə efirə verilməmişdi.