Olay
Olay

Toydan əvvəl bunları edin!

Toydan əvvəl bunları edin!

Əlbəttə evlilikdən öncə atmalı olduğunuz ilk addım “hə” deməkdir. Ya öz sevib, seçdiyiniz şəxsə, ya da müəyyən müsbət cəhətlərinə görə onu sizə məsləhət görən, yaxud da evlənməyiniz üçün hər cür yola baş vuran valideynlərinizə.

Nəhayət kimə olursa, olsun, “hə” deyirsiz. Amma ondan sonrasını öz istədiyiniz kimi davam etdirə bilərsiz. Çünki bu addımın ömürlük xoşbəxtlik gətirməsi üçün cehiz yığmaqdan, evi təmir etdirməkdən, dəbdəli toya hazırlaşmaqdan daha vacib məqamlar var.

OLAY sizin üçün toydan əvvəl etməli olduqlarınızdan yazır. Bu 7 məsləhətlə ömürlük xoşbəxtliyə çata bilərsiz...

Birincisi, bir-birinizin dəyərlərini anlayın.

Oturub uzun-uzun sizin üçün nələrin önəmli olduğundan danışın. Nəyi sevib-sevmədiyinizdən bəhs edin. Sonda çalışın ki, dəyərlərinizi anlayıb, hörmət edəsiz. Sözünüz çəp gələndə belə bu dəyərlərə hörmətlə yanaşmağı bacarasınız. Edə bilirsinizsə, sizə ömürlük xoşbəxtliklər...

İkincisi, birgə gəzintyə çıxın.

Çox səslənən bir söz var, deyirlər, insanları ən yaxşı yolda tanıyırlar. Birgə səyahət etmək rastalaşacağınız problemləri necə aradan qaldıra biləcəyinizi göstərəcək. Bu səfərlərin çox bahalı və uzaq bir yerə olmağına ehtiyac yoxdur. Bir neçə saat uzaqlığında olan məkanlara birgə yollana bilərsiz. Bu zaman həm xoş xatirələriniz olacaq, həm də sözün əsl mənasında yoldaşınızı daha yaxından tanıya biləcəksiz.

Üçüncüsü, puldan danışın.

Mənəvi dəyərlərə önəm vermək təbii ki, vacibdir. Lakin unutmayın ki, evliliyinizdə tək sevgi yox, maddi məsələlər də önəmli olacaq. Ola bilər ki, 20-li yaşlarda təqaüdə çıxmaq dövrünü düşünmürsüz. Amma bu barədə də fikirləşin, gələcəkdəki maddi durumunuzla bağlı müzakirələr aparın, necə yaşayacağınız haqda söhbətlər edin.

Dördüncüsü, uşaqlardan söz açın.

Pul qədər bu məsələ də olduqca əhəmiyyətlidir. Məsələn, qarşı tərəfin uşaqları sevib-sevmədiyini öyrənin. Evləndikdən sonra övlad sahibi olmaq barədə nə düşündüyünü soruşun. Axı bizim mentalitetdə fikir var ki, evləndinsə, mütləq uşağın olmalıdır. Bunun sizə mənən zərər verəcəyini nəzərə alın. Və bu şablondan uzaqlaşın. Onun cavabını bəyənməsəz də, ortaq məxrəcə gəlməyə çalışın. Alınmırsa, özünüzü məcbur etməyin. Çünki uşaq sahibi olmaq dünyanın ən məsuliyyətli işidir. Adətən insanların evləndikdən sonra dəyişəcəyi düşünülür. Lakin belə deyil. Ona görə bu məsələni ətraflı danışıb, öz qərarınızı verin. Yoxsa həm özünüzün, həm də gələcəkdə dünyaya gələcək övladınızın həyatını məhv edə bilərsiz. Bir-birinizi məcbur edib bu böyük məsuliyyəti çiyinlərinizə götürməyin.

Beşincisi, rəqs dərslərinə gedin.

Tək toy günü xala qızlarınıza, əminizin uşaqlarına, bibinizin gəlininə acıq verəsiz deyə yox. Bir-birinizi tanımaq, daha çox vaxt keçirmək, gözəl anlar yaşamaq üçün rəqs dərslərinə gedin. Yəni yalnız özünüz və qarşı tərəfin xoşbəxtliyi naminə bu addımı atın!

Altıncısı, sevgilinizin sevdiyi insanlarla tanış olun.

Onun dostu, ailə üzvü, iş yoldaşı... Ən sevdikləri kimlərdirsə, onlarla vaxt keçirin, yaxından tanıyın. Həm bu, onu da daha yaxşı tanımağınıza kömək edəcək. Məsələn, ailələriniz uzaq şəhərlərdə yaşayırlarsa, evləndikdən sonra bayramlarda onları necə ziyarət edəcəyinizdən danışın.

Yeddinci, bir yerdə kurslara gedin.

Yemək bişirmək, rəssamlıq, fotoqraflıq... Asudə vaxtlarınızı səmərəli keçirmək üçün birgə kursa gedə bilərsiz. Birgə iştirak edəcəyiniz dərsləri özünüz seçin. Çalışın ikinizin də sevəcəyi bir hobbi olsun.