Bu gün sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovun videosu müzakirə yaradıb. Onun jurnalistlərə DSX rəisindən müsahibə almağa icazə verməməsi tənqid olunub.
OLAY yazır ki, aparıcı Murad Əzimzadə də məsələyə münasibət bildirib. O, feysbuk səhifəsində bu sözləri yazıb:
“DSX rəisini çəkmək, müsahibə almaq olmaz bəyəm? Yaxşı, jurnalist məlum qəza ilə bağlı kimdən müsahibə almalıdır? İqtisadiyyat nazirimizdən, ya kənd təsərrüfatı nazirindən? DSX rəisini çəkməyə, müsahibə almağa mane olanlar mütləq cəzalanmalıdır! Vətəndaşla o cür kobud davranmağa heç kəsin haqqı yoxdur! DSX rəisi Elçin Quliyev mətbuata açıq və müsbət münasibəti ilə seçilənlərdəndir. Bu gün onun tabeliyində olan əməkdaşın vətəndaşa, jurnalistə qarşı kobudluğu qəbul edilməzdir! Dövlət qurumları nümayəndələrinin mediaya qarşı bu cür aqressiv olması, yerli orqanlar və jurnalistikamız adına utanc yeridir! Adiyyatı təşkilatlar- Medianın İnkişafı Agentliyi, Jurnalistlər Birliyi, Mətbuat Şurası və Milli Məclisin üzvləri bu məsələni gündəmdə saxlamalısınız. Çünki bu ölkənin mediası, jurnalistikası qurum nümayəndələrinin “qapazaltısı” ola bilməz və olmamalıdır!”