Ötən gün Nizami Kino Mərkəzində “Dönənlər” filminin təqdimatı baş tutub.
OLAY yazır ki, gecədə filmin baş qəhrəmanları ilə yanaşı, xeyli sayda sənət nümayəndəsi də qatılıb.
Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Münəvvər Əliyeva, Coşqun Rəhimov, Sənubər İsgəndərli, Ayşad Məmmədov, aktrisalar Zemfira Əbdülsəmədova, İlqarə Tostka, Günəş Təqin, Ülviyyə Xəlilbəyli və başqaları da tədbirdə iştirak edib.
Qırmızı xalıda jurnalistlərə müsahibə verən film qəhrəmanları fərqli fikirləri ilə diqqət çəkiblər. Ekran işindəki obrazından danışan Elcan Rəsulov filmin adı ilə bağlı fikirlərini belə dilə gətirib:
“Bu insanlara başqa ad qoymaq yaraşımırdı. Çünki bunlar hamısı “dönmüş”lərdir, mənim obrazım son illərin ən dəbli dönənlərindəndir, amma digər həmkarlarımın obrazları illərdir dönənlərdir. 10 gün ərzində çəkilişlər bitdi, ssenari ilə birgə 3 ay vaxt gedib”.
Oksana Rəsulova üçün çəkiliş prosesi çətin keçib:
“Bir çoxlarının həyatını bu filmdən sonra dəyişəcək. Bizim həyatımız da çəkilişlər zamanı çox dəyişmişdi. Məsələn, film üçün saçlarımı sarı rəngə boyatdırmışdım. Çəkilişlər bitdikdən sonra dərhal əvvəlki rəngimə qayıtdım, qaraltdım. Obrazımdan xoşum gəlir, yaxşı rolum var (gülür – red.). Düşünürəm ki, siz də bəyənəcəksiz. Ziya Ağa da mənim həyat yoldaşımı oynayır, tərəf müqabilimdir. Həmçinin, teatrda da birgə çalışırıq.
Bir çox cütlüklər filmdən mesaj alacaqlar, nəyisə götürəcəklər. Çünki bu zamanın problemlərini göstərmişik. Mənim üçün çəkiliş prosesi çətin oldu. Çünki gecədən səhərə qədər çəkiliş gedirdi. Bir də ab-hava çətin idi. 10 gün eyni masada əyləşirsən, səhnələr orada lentə alınır. Masada əyləşməyimiz bir tərəfə, çəkilişdə baş verənlər həyəcanlı idi. Özümü uğurlu hesab edirəm ki, bu filmdəyəm. Bilirsiz, 25-ci ölkə Azərbaycandır ki, bu layihənin remeykini çəkir. Necə ki, digər 24 ölkənin işlərinə baxmışıq, eləcə də Azərbaycanın remeykini bütün dünya izləyəcək”.
Əməkdar artist Dilarə Əliyeva çəkiliş prosesinin çətinliyindən söz açıb:
“Axşam saat 8-də çəkiliş meydançasına girirdik, səhər 8-də çıxırdıq. Film inanılmaz gərgin rejimdə keçirdi. Gün ərzində cəmi 2 saat yuxu yatırdıq. Əvvəlcədən bilirdik ki, mümkünsüz işdir, ancaq biz bunu bacardıq. Səngərdəki döyüşçü kimi olduq. Hesab edirəm ki, bu özəl film sektorunda inqilabi filmdir. Aktyor oyununa, dramaturgiyaya baxacaqsız. Realiti-şou dadındadır. Açığı çox böyük cəsarət göstərib sonda filmə razılıb verdim”.
Ziya Ağa isə film çıxmamışdan öncəki fikirlərinə sadiq qalaraq, kinoteatrları birləşməməkdə və Azərbaycan kinematoqrafiyasına zərər verməkdə günahlandırıb.
Qeyd edək ki, “Perfect Strangers”in yerli adaptasiyası olan ekran işi 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda lentə alınıb. Ölkəmizdə bu formatda film ilk dəfədir ki, çəkilir.
Filmdə baş rolları Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova canlandırıb.
Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. Posteri isə fotoqraf İsmayıl Rzayev və dizayner Pərviz Babayev birgə hazırlayıblar.
Layihənin informasiya dəstəyi ATV, ARB TV və OLAY.az-dır. Film ötən gündən etibarən Nizami Kino Mərkəzi və “Park Cinema”da yayımlanmağa başlayıb.