Müsahibə
Müsahibə

“Ağdamlılar “sovremenniy” olurlar”

“Ağdamlılar “sovremenniy” olurlar”

Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl konsert proqramı ilə çıxış etdiyi məkanda jurnalistlərin suallarını cavablandırıb.

OLAY yazır ki, estrada ulduzu qarşıda planlaşdırılan konsertlərindən, ailəsindən, “Səs Azərbaycandan və layihələrindən danışıb. 

R. Ayxan əvvəlcə 31 oktyabr, 1 noyabrda Heydər Əliyev Sarayında, 7 noyabrda isə Bakı Konqres Mərkəzində keçiriləcək konsertlərindən söz açıb:

“25 illiyimdir. Mən Heydər Əliyev Sarayından başladım. Ənənəmə sadiq qalıb, oradan başlayıb, sonra davam edəcəyəm. Mən hər dəfə konsert verəndə yeni mahnı oxuyurdum, bu dəfə hekayə oxuyacağam. Bu dəfə heç bir şou yoxdur. Mən və orkestrım var. 25 ildə yaşanılanlar, sizi ağlatdığım, güldürdüyüm bütün anları yenidən yaşayacağıq. Əlbəttə məşq edirəm. Mən onsuz da oxuyuram da. “Səs Azərbaycan”da məşq etmişdim?”(Ağlama mahnısına canlı ifasını nəzərdə tutur - red.).

Sənətçi qardaşı İsmayılın yeni doğulan oğlu Mete Beyazdan da bəhs edib:

“Mete Beyaz mənim xilaskarımdır. “Öl” desə, ölərəm. O, məni tutdu, ayağa qaldırdı, saxladı. İki aydır onu qucaqlamışam, onunla yaşayıram. Gəlinimizin ailəsi zəng edir ki, İstanbula gəlsinlər. Deyirəm ki, dəyməyin, mən hələ özümə gəlməmişəm, getməsin. İsmayıl burada da bir çox ulduzla çalışmağa başlayıb. Mənim üçün də çox gözəl mahnı yazıb. Yaşamaq barəsində bilmirəm... Onlar 33 ildir orada yaşayırlar. Gəlinə deyirəm ki, ikincini də dünyaya gətir, bunu ver, get. Deyir, yox… Atam nəvəsi üçün bir çəhrayı oyuncaq almışdı, bir də boz rəngdə papış. O papışı tez geyindirdim. Sonradan vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Huşu özündə olanda iki cür almışdı hər şeyi. Çox istəyirdi ki, oğlunun oğlu olsun. Deyirdi, nəvə… Deyirdim ki, sənin nəvələrin var da, iki qızının da övladları var. Deyirdi, öz nəvəmi, oğul nəvəmi istəyirəm. Mete mənim üçün başqa dünyaya qapı açdı. O, mənim üçün hər şeydir. Öz oğlum doğulanda belə hisslər yaşamamışdım. İndi elə bil anayam mən, ya da nənəyəm mən… Nə bilim. Qoymayacağam ki, “bibi” desin. “Röya” desin. Bacımın oğlu deyir, xala, universitetin pulunu vermək lazımdır. Deyirəm, ödəmirəm, bir də mənə “xala” desən, səni öldürərəm. Bacıma zəng etmişəm ki, deməmişəm, uşaqlar “xala” deməsin? Röya desin, amma “siz”lə müraciət edin. Xala, bibi gözəl şeydir. Mən anam, atam tərəfə elə deyirəm, çünki adları ilə çağırsam, məni parçalayarlar. Ailəmiz “sovremenniy”dir. Ümumiyyətlə, ağdamlılar “sovremenniy” olur”.

R. Ayxan deyib ki, “Səs Azərbaycan”dakı iştirakçıları ilə duet təqdim edəcək:

“İki nəfərlə duet yazılıb, bu iki ayda heç nə edə bilmədik. İnşallah, bütün ailələrdə sağ-salamatlıq olsun. Ümumiyyətlə, mən o komandanı sevdim, eyni simalar olacaqsa, gedirəm. Başqalarına söz vermirəm. Yeni tanışlıqlarım da oldu. Deyirdim, Eldar çox soyuqdur, istəmirəm onu, sadəcə salam-sağ ol edəcəyəm. İndi onun üçün ölürəm”.

Samirə Ərəblinskaya