“İctimai televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A” serialı bitəndən sonra dərhal “Əqrəb mövsümü” serialının ikinci mövsümü başlayacaq”.
Bu sözləri aktyor Azər Aydəmir OLAY-a özəl açıqlamasında deyib.
Sənətçi rol aldığı “Əqrəb mövsümü” serialının büdcəsindən söz açıb:
““Əqrəb mövsümü” serialının ikinci mövsümü birincisinin büdcəsindən 25-30 faiz daha baha başa gəlib”.
Aydəmir televiziyada inkişafın az olduğunu və hələ də yerində addımladığını vurğulayıb:
“Televiziyamıza ümumi nəzər yetirdikdə hələ də yerində addımlayır. Hər mövsüm yeni verilişlər, onlara maraqlı yanaşmalar olsa da, hər dəfə keçən ildəkindən fərqlənmir. Yəni “wow” dediyimiz yoxdur. Mən indi İctimai Televiziyanın sabiq aparıcısı kimi kanalımızı tərifləməyəcəyəm. Misal üçün “Maska və “Maşın şou” kimi verilişlər və onların ətrafında yaranan ajiotaj yoxdur”.
“İTV-nin efirində hansı verilişi bəyənmirsiniz və baxmırsınız?” sualına Azər belə cavab verib:
“Ola bilər ki, elə bir veriliş var, amma aparıcıya görə deyil, sadəcə həmin proqram mənə maraqlı deyil. Misal üçün 2005-ci ildən bəri İTV-nin efirində “Ozan məclisi” adlı bir veriliş yayımlanır. Bilirəm ki, bir çox tamaşaçılar o verilişi sevirlər. Onlar xüsusi ilə aşıq söz sənətinin heyranlarıdır. Mən aşıq söz sənətindən uzağam. O verilişə mən baxmıram, görəndə də başqa kanala çevirirəm”.
Rəşad Əliyev
Video: Soltan İbrahimov