Müsahibə
Müsahibə

“Efirdən kiməsə söz atmağı düzgün saymıram”

“Efirdən kiməsə söz atmağı düzgün saymıram”

Aprelin 17-də müğənni Azad Şabanovun Bakı Gənclər Mərkəzində gənclərlə görüşü baş tutub. Tədbirdə sevilən mahnılarını səsləndirən sənətçi həm də iştirakçıların suallarını cavablandırıb, onlarla öz tövsiyələrini, həyat təcrübələrini bölüşüb. 

Görüşdən sonra Şabanov OLAY-ın kamerası qarşısına keçərək bizimlə həmsöhbət olub, şəxsi həyatından, yeni layihələrindən, hazırlaşdığı solo konsertindən danışıb:

- Görüşlə bağlı təəssüratlarınız necədir?

- “Gənclərin dostu” layihəsi idi. Əla keçdi. Öncədən dedim ki, rəsmiyyəti kənara qoyaq, necə varıqsa, elə də danışaq, müzakirə edək. Onlar da suallarını verdilər. Var olsun gənclər! Təşəkkür edirəm!

- Sənət fəaliyyətinizin ilk solo konsertinə hazırlaşırsınız. Nə kimi sürprizlər var?

- Bəli. Mayın 29-da Filarmoniyanın yay zalında “33” adlı ilk solo konsertimdir. Tamam fərqli bir konsert olacaq. Orada da rəsmiyyət istəmirəm. Necə varamsa, elə də baş tutsun, səmimi münasibət olsun.

- Oqtay Əliyevin sağlığında da “Yeni ulduz”la bağlı söhbətlər var idi. Hətta demişdi ki, mərhum Ruhəngiz Qasımova təklif edib ki, “Yeni ulduz”u yenidən başlasınlar. Əgər Dilarə Əliyeva nə vaxtsa bu layihəni davam etdirsə, münsif kimi iştirak etmək istəyərsinizmi?

- Münsif kimi... Bəlkə nə vaxtsa ola bilər. Hələ ki özümü münsiflikdə görmürəm.

- “Yeni ulduz” demişkən. Açıqlama verdiniz ki, yarışmadan sonra çətinlikləriniz olub. Nələr idi onlar?

- Layihə davam edəndə hər həftə çıxışlar, konsertlər olurdu. Həm “Yeni ulduz”da, həm də başqa verilişlərdə çıxışlarımız baş tuturdu. Həftədə iki dəfə canlı efirdə idik. Layihə bitdikdən sonra “SOY” prodakşn müəyyən qədər verilişlərə çıxarırdı. “Azad Azərbaycan” televiziyası da kömək olurdu. Ümumi götürəndə studiyada tanışlar, bəstəkarlarla tanışlıq yox idi. Bunu sonsuz sadalamaq olar ki, hansı çətinliklər var idi. Şükür ki o günlərdən keçdik, gəldik bu günə.

- Yəqin ki, bu günə gəlmək də çətin idi...

- Bu, normal haldır. Əslində, hər bir işdə var. Müəyyən bir dövrü keçdikdən sonra səni qəbul edirlər. Onu keçənə qədər isə bir çox insan sənə ciddi baxmır. Deyirlər, cavandır da, bəlkə nəsə oldu, bəlkə yox. Bu, normaldır. Özünü təsdiqləyənə qədər davam edir. O da çətindir, çox çətindir. İki yolu var, asan, bir də çətin (gülür). 

- Avroviziyanın seçim turlarında yarımfinalçı idiniz. Yenidən cəhd etmək, seçim turlarına qatılmaq fikriniz varmı? Yaxud da təklif gəlsə, müsabiqəyə yollanarsınız?

- Mənim seçim turlarında iştirak etməyə vaxtım yoxdur. Lakin təklif olsa, böyük məmnuniyyətlə Azərbaycanı təmsil edərəm. Ümumiyyətlə, Azərbaycanı dünyada təmsil etmək hər bir azərbaycanlının, hər bir türkün arzusudur. 

- Xanımınızla video və fotolar paylaşırsınız. Amma həmişə üzünü gizlədirsiniz. Bu, sizin seçiminizdir, ya onun?

- Mənim fikrimdir. Həmişə də belə olub. Əslində, onun da seçimidir. Tək mənim deyil. Səbəbi isə istəmirəm. Öz ailəmi qorumalıyam. Kimsə göstərir, əcəb edir. Elə sənətçi dostlarım da var ki, ailəsi ilə paylaşımlar edir. Bu, ona qəbuldur. Mənə də xoşdur ki, ona qəbuldur. Lakin bu, mənim ailəmdir. Mənim qoyduğum qanunlardır, onlara riayət etmək lazımdır. 

- Bəzən sizi efirlərdə tez-tez görürük, bəzən də çox uzaqlaşırsınız... Səbəb nə olur?

- Əslində, uzaqlaşmıram. Bir neçə veriliş var ki, onlara çıxıram. O da 10-15 verilişdirsə, bir ay çıxdın, sonra müəyyən bir müddət keçməlidir. İndi efirə çıxıram. Sadəcə bir ara keyfiyyətli verilişlər azalmışdı. Bu gün şükür ki, keyfiyyətli verilişlər, layihələr qayıdır. Nəinki televiziyada, həmçinin, internet portallarında, kanallarında da...

- Görüşdə dediniz ki, kiminləsə mübahisəniz olanda efirdə yox, kənarda həll edirsiniz. 

- Gənc soruşdu ki, necə həll edirsiniz? Dedim, efir vasitəsilə həll etmirəm. Çəkib kənarda həll edirəm. Ona qalmaqal deyirlərsə, desinlər. Qalmaqal deyil, insanlar arasında olan söhbətdir. Ətrafda çox insan olanda qarşındakı başqa reaksiya verir. Təklikdə qırağa çəkəndə başqa cür danışır. Ümumiyyətlə, mediada hansısa söhbəti aparmağı, qışqıraraq danışmağı, kiməsə söz atmağı düzgün saymıram. Kimsə edirsə, öz fikridir, dünya baxışıdır, özü bilər.

- Kompleksli ifaçılardan danışdınız, səhvini qəbul etməyənlərdən...

- Hə, söz qəbul etməyən... Deyəndə ki, səhv oxumusan, qəbul etmir. Elə insanlar var.

- Sizin heç kompleksiniz yoxdur?

- Mənim bir kompleksim var ki, kökəlməyim. Kökələndə dilxor oluram. Sənətlə bağlı yoxdur. 

- Sənətə gəldiyiniz ilk günlərdə belə olmayıb?

- Bəlkə nəsə olub. Amma mübarizə aparmışam. Çünki insan öz fikirlərini, düşüncələrini, ətrafı analiz etməlidir. Müəyyən bir fikrə gəlməlidir, həmişə düşünməlidir.

Fotolar/Video: Soltan İbrahimov

Söhbətləşdi: Samirə Ərəblinskaya