OLAY aparıcı və müğənni Mehin Hümbətova ilə həmsöhbət olub. Sənətçi musiqi fəaliyyətindən, “Altın Kelebek”dən, “Avroviziya”dan və müğənni Hisslə münasibətindən danışıb:
-Müğənnilik fəaliyyətiniz necə davam edir?
-Üç mahnımız artıq hazırdır, yeni klipimiz yayımlanacaq. Ondan əlavə bir mahnımız da hazırlanır. Ard-arda bir neçə layihə təqdim etməyi düşünürük.
-Bu sahədə işlərinizi dayandırmaq fikriniz var?
-Artıq yoxdur. Bir dəfə fəaliyyətimi dayandırmışdım, bir neçə klip təqdim etməkdən sonra düşündüm ki, bu qədər əziyyət çəkilir, xərc tökülür, enerji sərf olunur. Ona görə bundan sonra dayandırmaq olmaz. Bu enerjinin qarşılığını almaq lazımdır.
-Toy biznesinə necə baxırsınız? Bilirsiniz ki, əksər müğənninin gəlir yeri toylardır. Sizin nə vaxtsa bu biznesə fikriniz müsbət yöndə dəyişə bilərmi?
-Əlbəttə. Niyə də yox? Amma hazırda düşünmürəm. İndi sırf yaradıcılığımla məşğulam. İstəyirəm ki, yaxşı layihələr təqdim edim. Məqsədim tək toy olsa, yaradıcılıq kənarda qalacaq. Hələ ki, uğurlu layihələr təqdim etmək istəyirəm. Ondan sonra toy da, tədbir də olacaq.
-“Altın Kelebek” mükafatlandırma mərasiminin ulduzu parlayanlarının adları açıqladı. Bir də reper Orxan Zeynallının bu mükafatdan imtina etməsi çox danışıldı. Sizin bu mövzuda fikirləriniz necədir?
-Mənim üçün “Altın Kelebek” o qədər də prioritet yer deyil ki, qarşıma məqsəd qoyum, ora çıxım. Çünki orada sənət göstərmirsən, sadəcə çıxdın, ödülü aldın, getdin, bu vaxta qədər orada elə insanlar olub ki... Sırf sənət göstərənlər olmayıb. Gənclərin sırasında sadəcə adları məşhur olanlar alıb. Son illər orada yüksək səviyyədə sənət göstərən insanları görə bilmərik. Məsələn, Xalq artistləri Röya Ayxan və Aygün Kazımova da orada olub. Onlardan sonra gedənlərin hamısı sadəcə məşhur sima olduqları üçün seçiliblər. Düşünürəm ki, Aygün və Röya xanımdan sonra mənim üçün “Altın Kelebek” bitdi.
-Zirvədə saxlamaq lazımdır...
-Bəli. Fikrimcə, hazırkı durumumdan məmnunam və “Altın Kelebek”ə ehtiyac yoxdur.
-Belə başa düşdüm ki, sizə də təklif gəlsə, imtina edərsiz?
-Çox güman ki. Çünki ora hazırlaşmaq da bir vaxt tələb edir. Enerji sərf edirsən. Onun əvəzinə yaradıcılıq işlərimə daha çox zaman ayıraram, nəinki mərasim üçün obraz seçməyə, hazırlaşmağa. Hələ ki, dəvət edilsəm də, belə bir planım yoxdur. Gələcəkdə, karyeramda bir boşluq olsa, onu doldurmaq üçün bəlkə də razılaşaram. Necə ki, Orxan imtina edib. O hazırda qastrol səfərlərindədir, bir neçə ölkədə konsertlər verir. Düzgün mövqe seçib. Öz yaradıcılığına, dinləyicilərinə, konsertlərinə daha çox vaxt ayırmalıdır, nəinki “Altın kelebek”ə.
-Builki Avroviziya təmsilçiyinə namizədlər - Emiliya Yaqubova (Emy Lia), Mila Miles & İlkin Dövlətov & Etibar Əsədli, Aisel, Fahree, Qorqud və Səbinə Quluzadə haqda nə düşünürsünüz?
-Hər birinə uğurlar arzulayıram. Orada Avropa tamaşaçısının qarşısına çıxırsan. Azərbaycan səhnəsindən fərqli olaraq daha böyük komanda ilə çalışırsan. Fikrimcə, gənc ifaçıların karyerasında belə bir təcrübə olmalıdır. Qalibiyyət də olmasa, adımızı yaxşı bir pillədə qərarlaşdıra bilərlər.
-Gələcəkdə özünüzü o səhnədə görürsünüz?
-Özümü Avroviziyada görmürəm. Amma ora gedənlərə uğurlar arzu edirəm.
-Ötən aylarda “7 özəl” verilişində Hisslə Səmra Rəhimlinin “Formula 1” səhnəsindəki çıxışlarını müqayisə etmişdiniz. O zaman Hissi tənqid etmiş, onun səhnə müğənnisi olmadığını söyləmişdiniz. İndi münasibətləriniz necədir? Barışıq oldumu?
-Mənim heç kəslə problemim yoxdur, küskünlük olmayıb ki, barışıq da olsun. Mənim verilişim öz tribunamdır. İstədiyim mövzunu müzakirə edib, fikrimi bildirmək haqqım var. Kimisə təhqir edib, şəxsi həyatına toxunmamışam. Sadəcə tamaşaçı mövqeyi bildirmişəm. Tənqidi düzgün qəbul edən insanlar məndən inciməzlər. Əksinə onun üzərində çalışıb, tənqiddən nəticə çıxararlar. Düşünmürəm ki, Hiss məndən incisin. Sadəcə bəzi şeylər qulağıma çatır. İnanıram ki, yaxşı olacaq.
-Sizin bu tənqidlərinizlə bağlı nələrsə danışır?
-Onda mənə instaqramda yazdı ki, sənə nə oldu, ay Mehin? Elə bildi ki, hansısa bir qərəzlə bu fikri bildirmişəm. Mən də cavab verdim, nə oldu ki? Yəni mən pis fikir bildirməmişəm. Düşünürəm ki, tənqiddən düzgün nəticə çıxaran insanlar, öz üzərində çalışıb, daha yaxşı yerlərə gələrlər. Son vaxtlar o ifaçıdan hit mahnılar eşitmirik. Amma ona da uğurlar arzu edirəm. Yaxşı başladı, inşallah bundan sonra da karyerası zirvələrdə öz pik nöqtəsinə çatar.
-Vaxt ayırdığınız üçün təşəkkür edirik.
-Mən OLAY komandasını, əməkdaşlarını çox sevirəm. Ona görə bütün komandanı öpürəm!
Video: Soltan İbrahimli