OLAY “Kavak yelleri”, “Muhteşem Yüzyıl” kimi seriallarda canlandırdığı obrazları ilə kiçikdən böyüyə hər kəsin qəlbində özünə yer tutan aktrisa Pelin Karahanın evində qonaq olub.
Sevilən aktrisa ilə söhbətimiz Bodrumda baş tutdu. Müsahibəmizə Pelin Karahanın geridə qoyduğu çəkiliş mövsümü ilə başladıq:
- Mövsüm gərgin keçdi. Çox işlədim. Rəqəmsal platfotmalardan biri üçün on bölümlük serial çəkilişimiz oldu. Həmçinin reklamla bağlı işbirliyimiz var idi. Teatrda işlər davam edirdi. Övladlarımın məktəbi, qayğılarını da nəzərə alsaq, çox yorulduğumu anladım. İndi isə istirahət zamanıdır.
- Yeni mövsümlə bağlı hansı planlar var?
- Danışıqlar apardığımız layihələr var. Bu əsasən rəqəmsal platforma və televiziyada yayımlanacaq seriallarla bağlıdır. Hazırda ssenarisini oxuduğum serial var. Bildiyiniz kimi, əvvəllər yeni mövsüm sentyabr ayında başlayırdı. Hazırda isə bu oktyabr və noyabr aylarına da təsadüf edə bilər. Tələsmədən, ürəyimizcə olan layihədə iştirak etməyi daha üstün tuturam.
- Serialda çəkilmək yoxsa teatrda səhnəyə çıxmaq daha çətindir?
- İş şərtləri, gərginlik və zaman ayırmaq baxımından serial çəkilişləri yorucudur. Çəkiliş meydançasında daha çox vaxt keçiririk. Teatrda isə canlı performans sərgilədiyiniz üçün, səhv etmək kimi bir şansınız yoxdur. Buna görə də, daha çox əmək tələb edir. Amma ən çox hansından zövq alırsan deyə soruşsanız, təbii ki, teatrdan.
- 10 ilə yaxındır ki, evlisiniz. Xoşbəxt evliliyin sirri nədir?
- Bu zamanda evliliyi davam etdirmək heç də asan deyil. İki uşaq, qayğılar... Amma bacardığım qədər tənzimləməyə çalışıram. Təbii ki, həyat yoldaşımla aramızda mübahisə, fikir ayrılığı olur. Amma övladlarınız da varsa, mütləq vəziyyəti idarə etməyi bacarmalınız. Ailədə biri əsəbləşdiyi zaman digəri sakit qalmağı bacarmalıdır. Bu tarazlığı saxlamaq mütləqdir. Çox şükür ki, bu günə qədər gəlib çıxdıq. Bir-birimizi başa düşən və ortaq xəyalları olan cütlüyük. Ortaq fikirlər, xəyallar və əgər övladınız da varsa, bağlılığı daha da artırır. Əyləncəli evliliyimiz var.
- İdeal bədən quruluşunuzun sirri nədədir?
- Ard-arda iki övlad dünyaya gətirdim. Hər iki hamiləliyimdə də çəkim çox idi. Hətta çəkim 88 kilo idi. Mənim boyumu da nəzərə alsaq, bu rəqəm çox yüksəkdir. Lakin artıq çəkidən zərərli qidalardan istifadə etdiyimi anladığımda xilas oldum. Sağlam qidalanmağa başladım. İdmanla öncədən də məşğul olurdum, amma nəticəsini o qədər də görmürdüm. Lakin qidalanma və idmanı bir arada etdikdə sürətlə çəki atmğa başladım. Hər səhər qalxıb idman edirəm. Yeməkdən zövq alıram, amma bir gün karbohidrat və şəkəri çox istifadə etmiş olsam, sabahki qidalnmamda bunu nəzərə alıram. Ekran üçün iş görürük. Fit bədənə sahib olmaq, təbii ki, yaxşı hissdir. Mən də hazırda bu bədən quruluşumla xoşbəxtəm. Bacardığım qədər də belə davam edəcəyəm.
- “Muhteşem Yüzyıl” serialındakı obrazınızdan da danışaq.
- Mihrimah Sultan çox vacib obrazdır. “Muhteşem Yüzyıl” dünyada tanınmağımıza, daha çox insan tərəfindən sevilməyimizə səbəb olan layihədir. Həm beynəlxalq layihə, həm real hekayə, həm də Osmanlı tarixi idi. Hazırda dünyanın bir çox yerində pərəstişkalarımız varsa, məhz “Muhteşem Yüzyıl”ın sayəsindədir. Mihrimah Sultan obrazını canlandırmaq çox əyləncəli idi. Layihə üçün çox darıxıram. Hətta deyə bilərəm ki, belə layihə bir daha olmadı.
- “Kavak yelleri” serialı ilə də sevilirdiniz.
- O mənim ilk sevgimdir deyə bilərəm. Serial sahəsindəki ilk işim idi. Tanınmağıma səbəb oldu. Yolda gedərkən insanlar məni Aslı deyə çağırırlar. Təəccüblənmirəm. Marketdə alış-veriş edərkən kassada qız mənə uşaq vaxtı otağında şəkillərimin olduğunu dedi. O da “Kavak yelleri”ni izləyərək böyüyüb. Bu gözəl bir şeydir. Hər kəsin həyatında öz yeri var. Hətta indi də səhər saatlarında serialın təkrar bölümləri yayımlanır.
- Azərbaycana gəlmisinizmi?
- Görünən odur ki, ən qısa zamanda gələcəyəm. Bir neçə işlə bağlı planlarımız var. Həmçinin Azərbaycanda dostlarımız da var. Sevildiyimiz də bilirəm.