Müsahibə
Müsahibə

“Türkiyə qədər sərbəst deyilik”

“Türkiyə qədər sərbəst deyilik”

Məşhur komediya aktyoru Fərda Amin illər sonra televiziyaya qayıdaraq “Zarafatyana” adlı şou ilə tamaşaçıları salamlayır.

OLAY Space TV-də yayımlanan ekran işinin pərdəarxası məqamlarını lentə alıb. Fərda isə yeni layihəsindən söhbət açıb:

“Space TV-dən təklif gəldi. O ərəfələrdə yutub layihələri hazırlayırdım. Artıq televiziyalarla işləmək istəmirdim. Yəni, yorulmuşdum. Çox əmək sərf etmədən, daha çox stand-up yönümlü layihələr etmək istəyirdim. Burada rəhbərlik etimad göstərdi. Qısa zaman ərzində belə bir layihə istədilər. Biz də əlimizdən gələni etdik ki, tamaşaçıların zövqünü oxşayaq. Ən azından gülsünlər, bu qədər. İşimiz bundan ibarətdir”.

Sənətçi senzura qoyulan zarafatlardan da danışıb:

“Bizə deyildi ki, zəhmət olmazsa, bəzi şeyləri etməyin. Onsuz da Azərbaycan tamaşaçısının indiyə qədər görmədiyi mövzular ki var, biz onlara toxunmuruq. Ümumiyyətlə isə zarafatlarda da rahatıq. Sadəcə öz sərhədimiz var. O sərhədi keçmirik. Üstüörtülü var və s. Aydın məsələdir ki, Türkiyə, Rusiya qədər heç sərbəst deyilik. Biz etməsək də, onsuz da interneti açıb, istədikləri zarafatları izləyə bilirlər. 

Görürlər, Azərbaycanda da alternativini istəyirlər. Təbii ki, biz də onları görürük. Sadəcə olaraq mentalitet var. Keçmişdən gələn “gözləmə”lər var. O məcburiyyət qarşısında sərhəd qoymalıyıq. Mən “stand-up”da daha rahatam, nəinki bu cür səhnəciklərdə”.

Video: Soltan İbrahimov