Müsahibə
Müsahibə

Dözülməz şəraitdə yaşayan tanınmış müğənni ağlayaraq kömək istədi - VİDEO

Dözülməz şəraitdə yaşayan tanınmış müğənni ağlayaraq kömək istədi - VİDEO

“Dünən dövran sürən, bu gün can verir. İllər xəstəsiyəm, yaram qan verir”

Bu mahnını OLAY-a müsahibəsi zamanı “Lalə” qızlar ansamblının solisti Elmira Əliyeva oxudu. Həyatından, özündən bəhs edir deyə bir az kövrəlib, ağladı. İllərdir çətin vəziyyətdə yaşayan, bu günlərdə ağır xəstəliklərlə mübarizə aparan sənətçinin evində olduq. Qapını belə özü aça bilmədi, qonşunu köməyə çağırdı. O, həm ürək çatışmazlığından əziyyət çəkir, həm allergiyası var, həm də ayaqları şişib! Bir-iki addımı güclə atır, divarlardan tutur. Sonra əyləşmək istəyir, yorulur. Deyir, bir müddət öncə həkim onun sinəsində şiş aşkarlandığını söyləyib.

Bir də xərçəng olma ehtimalı balaca evdə məskunlaşan müğənniyə çətin anlar yaşadıb:

“Mən Elmira Əliyeva, 50 il ingilis dili müəllimi kimi çalışmışam. Rüfət Aslanlı, səhiyyə nazirinin birinci müavini Elsevər Ağayev şagirdim olub. 35 il də muğam üzrə çalışmışam, Seyid Şuşinskinin tələbəsi olmuşam. Mənim mahnılarım, disklərim Qızıl Fonddadır. Evim elə bir otaqdır, sağ olsun, aparıcı Çiçək xanım (Şəhla Vakkas- red) veriliş kollektivi ilə birgə evimizi təmir etdirdi. Bu mebelləri bizə onlar bağışladılar. Yoxsa suyun, siçovulların içində qalmışdım. İki balam rəhmətə gedib, biri xəstədir, bizdən ayrı yaşayır, o biri də gündə 5-10 manat qazanır. Dərmana, çörəyə pul tapa bilmirəm”. 

 Elmira xanım deyir ki, həyatı anası rəhmətə getdikdən sonra çətinləşib:

“Sonra oğlum dünyasını dəyişdi. Mən o vaxt belə gözəl olmuşam. (Əli ilə arxiv şəklini göstərir) Onlar mənim yolumu kəsdilər, dalımca düşdülər.  Musiqiçi idilər. Adını demirəm, qorxuram. Yolumu kəsdilər, davam edə bilmədim. Sonra anam və övladlarım rəhmətə getdi. Mən hər yerə müraciət etdim. O ora göndərir, bu da bura. Millət vəkili Qənirə Paşayeva  sağ olsun, yazmışdı ki, mənə ev verilsin. Bahar Muradovanın kağızları var, məndən yazıblar. Müraciət etdim, heç nə olmadı. Mənim haqqımda qəzetlərdə də yazılıb. Deyirəm, heç olmasa öləndə meyitimi rahat aparsınlar. Mən bu 22 gün xəstəxanada nələr çəkdim... Gərək arxanda dayananın olsun. Mənim də adamım yoxdur.

“Lalə” qızlar ansamblı... Sənət dostlarımdan bir neçə nəfər var idi. Məsələn, Ceyran Haşımova məni çox istəyirdi. Onlar da hərdən bir zəng edirlər. Bu şəkildəki də Firuzə İbadovadır. Heç biri mənlə əlaqə saxlamır. Hamısı ölümümü istəyir. Mən 360 manat təqaüd alıram, o zaman hörmət istədilər. Adamım olmadı. Heç kimim yoxdu. 41 yaşında oğlumu evləndirə bilmirəm. Deyir, qızı hara gətirim? Söyləyirəm ki, apar məni qocalar evinə. O isə razı olmur. 1996-cı ildən burdayıq. Siçovulların içində qalmışdım”.

Sonda sənətçi Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb:

“Mən gözəl Mehriban xanımdan xahiş edirəm. Onun balalarına qurban olum, mənə yardım etsin. Heç olmasa mənim meyitim rahat torpağa tapşırılsın. Səsləndirdiyim muğamı dinləsə, çox xoşu gələcək. Ona diskləri göndərmişəm, çatıb-çatmayıb, bilmirəm. Hörmətli Prezidentimiz İlham Əliyev, sizin o dəmir yumruğunuza qurban olaram. Mənə kömək edin. İki balamı itirmişəm, heç olmasa bu balamı itirməyim. Allah Heydər Əliyevə, ananız Zərifə xanıma qəni-qəni rəhmət etsin. Mən Ümumilli liderlə bağlı bir xatirəmdən söz açmaq istərdim. O vaxt bir tədbirdə ifa etdim. Orada H. Əliyev də var idi. Oxuyandan sonra məni çağırtdırdı. Fikirləşdim ki, yəqin səhv oxumuşam. Çəkdi məni qırağa, dedi, qızım harada oxuyursan. Dedim Xarici Dillər Universitetində. Sonra soruşdu ki, atan haradadır, dedim rəhmətə gedib. Onda qanı qaraldı, gördü ki, gözlərim doldu. Dedi ki, qızım, sən nə gözəl oxuyursan... Başımı sığalladı, dedi, sənin bu muğamın bizə ləzzət verdi”.

Samirə Ərəblinski

Foto/ Video: Nuran Məmmədov