Yenicə nişanlanan tanınmış aparıcı Çinarə Əliyeva OLAY-a müsahibə verərək, səmimi açıqlamalar edib.
O, doğum günündə həm də nişan mərasimini qeyd etməsinin həkim sevgilisi Ruslan Rəsulun fikri olduğunu bildirib:
“Əslində biz böyük bir nişan düşünmədik, dedik, onu toya saxlayaq. Toyu daha maraqlı, “abartılı” edəcəyik, inşallah. Ad günümdə, yubileyimdə Ruslan mənə sürpriz etdi, dedi, gəl nişanı o günə salaq. Ailə içi oldu, çox dost-tanış dəvət etmədik. İstəmədim çox yükləyim, həm nişan, sonra xına, sonra toy… Ona görə hamını toya çağıracam, inşallah”.
Çinarə toy tarixi barədə ilk dəfə saytımıza danışıb.
“Əslində bunu hələ ki heç yerdə deməmişəm. Yay ayında, Allah qoysa, iyulda düşünürük edək. Sonra Məhərrəmlikdə biz istəyirik bal ayına gedək ki, heç olmasa bir az istirahətə də vaxt olsun”.
Ç. Əliyeva birlikdə keçirdikləri ilk Sevililər Günündə aldıqları hədiyyədən söz açıb:
“14 fevral yenə həmişəki kimi mən iş-gücdə oldum. Konsert var idi, orada aparıcı idim. Amma yenə də gecə 12-də nişanlıma öz hədiyyəmi təqdim etdim, 13-dən 14-nə keçən gecə bir-birimizi təbrik etdik. O da mənə hədiyyəsini verdi. Bir brend çanta görmüşdüm. Vitrində görəndə dedim ki, nə gözəl çantadır. Onun ağlında qalıb və həmin o çantanı mənə hədiyyə etdi. Mən isə ona sevdiyim bir brenddən köynək aldım. Belə simvolik…
Çünki bu bizim birlikdə ilk 14 fevralımızdır. Düşünürəm ki, əsas hədiyyə yox, sevgi, bir-birinə olan hörmətdir. Çox xırda bir hədiyyə belə məni çox sevindirə bilər. Əsas hər zaman hörmət və diqqəti çox sevirəm. Xoşuma gəlir ki, hamının diqqəti məndə olsun, mənə baxsınlar. Xüsusən də sevdiyim insandan o diqqəti görəndə səni balaca bir gül buketi ilə də sevindirəndə insan çox xoş olur”.
Aparıcı nişanlısı ilə tanışlıq hekayəsindən və evlilik təklifi almasından da bəhs edib:
“Tanışlığımız çox maraqlı olub. Ruslan sən demə, il yarımdır məni sosial şəbəkədə izləyirmiş. Və hətta mən olduğum toya da gəlibmiş. O toyda da məni kənardan izləyib, amma yaxınlaşmağa cürət etməyib. Deyib qoy bir az da baxıb görüm bu xanım necədir? Bəlkə həyatında kimsə var. Sonra elə oldu ki, instaqramda mənə yazdı. Təşəkkürümü bildirdim. Bir yazdı, iki yazdı, üç yazdı və mən başladım onunla yazışmağa. Belə-belə bir-birimizi tanıdıq və ilk görüşümüz oldu. İlk görüşdə də söylədi ki, mən səninlə vaxt keçirmək yox, ciddi bir münasibət istəyirəm. Üstündən bir neçə görüşdən sonra mənə evlilik təklif etdi. Çox həyəcanlandım, qəribə hisslər keçirdim, yerindəcə “hə” dedim (gülür).
Mən əslində görüşməmiş heç nə deyə bilmirdim. Çünki bəzən şəkillər insanı aldada bilir. Bir neçə dəfə görüşdük və gördüm ki, çox mədəni, yerini bilən, insana artıq sual verməz... İnsan var ki, mənasız suallar verir, bezdirir, qısqandırır. Kişinin qısqanclığı da normaldır, amma o mənim işimin necə olduğunu qəbul edib. Mənim üçün də birinci karyeram və ailəmdir. Gördüm ki, o məni başa düşür, hətta dəstəkdir, ideyalar verir. Ona görə də “hə” dedim. Bildim ki, mən həyatda onunla əziyyət çəkməyəcəm”.
O, münasibətlərində Ruslanın daha anlayışlı tərəf olduğunu söyləyib:
“Mən odam, o sudur. Çünki mən bir az tez özümdən çıxmağı bacarıram. Ruslan həmin anda məni ələ ala bilir, sakitləşdirir. Deyirlər, iki qoçun başı bir qazanda qaynamaz. O, məni yola verə bilir. Hələki…. Bilmirəm sonra necə olacaq (gülür)”.
Sonda Çinarə subaylara məsləhət də verib:
“Heç vaxt deməyin ki, gecdir. Siz sadəcə istəyin və bunu hər zaman dilinizə gətirin, hər səhər… İnanın ki, istədiyiniz insan qarşınıza çıxacaq. Qərar verməyə tələsməyin, çox da gec qərar verməyin. Hər şey vaxtında, zamanında olacaq, yetər ki, istəyiniz olsun”.
Video/Fotolar: Hüseyn Həsənov