Fəlakət obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən aktyor Elşən Orucov OLAY-a müsahibə verib.
Sənətçi aparıcılıq etdiyi “Fəlidən doğru xəbər” verilişindən söz açıb. Elşən ilk olaraq canlandırdığı rolun bu qədər sevilməsinin səbəblərindən danışıb:
“İnsanların vermək istədiyi suallardır ki, onları Fəlakət soruşur. Təbii ki, bəzi başqa aparıcılar o sualları verə bilmir. Fəlakət kimi yox, Elşən kimi olsam, mənə də o sualları vermək çətin olardı. Amma Fəlakətin vecinə deyil, beyni xarab adamdır. İstədiyi sualı istədiyi adama verir deyə, düşünürəm ki, bu tamaçıya daha əziz, dogma və sevimli gəlir. Səbəblərdən biri budur…”.
O, dəvət etdiyi qonaqların Fəlakətin gözlənilməz zarafatlarından incimədiyini bildirib:
“Yox, belə bir şey olmayıb. Səhv etmirəmsə, artıq 105-ci buraxılışdır ki, gedir. Hansısa bir qonağımızın narazı getdiyi olmayıb. Çünki biz kiminsə şəxsi həyatına qarışmırıq, nəsə qalmaqal etmək üçün sual vermirik. Bizim veriliş əyləncə üçündür ki, insanlar baxıb, əylənərək xoş zaman keçirsin. Hər zaman qonaqlar razı gediblər və sonda soruşublar ki, bir də nə zaman bizi qonaq çağırırsınız?”.
Aktyor qonaqlara verəcəyi suallar və zarafatlar üçün öncədən xüsusi hazırlıq görmədiyi söyləyib. O, dialoq əsasında anlıq yaranan mövzuların daha çox səs-küy yaratdığını da qeyd edib:
“Qonaqdan çox şey asılıdır.Belə xüsusi bir hazırlıq olmur. Ssenaristlərimiz var, qonaq bir həftə öncədən bəlli olduğu üçün araşdırırlar. Onun sənətiylə verdiyi müsahibələrlə bağlı suallar yazırlar və təbii ki, yerində də sırf dialoq zamanı yaranan suallar olur ki, həmin an verirəm. Bir də görürsünüz yerində gözlənilməz bir sual olur ki, daha çox səs-küyə səbəb olaraq, sosial mediada paylaşılır.
Artıq mənim üçün də rahatdır. Düşünürəm ki, bunun ən böyük səbəblərindən biri də odur ki, mənim həmin qonaqlarla münasibətim çox yaxşıdır. Ən azından məni həyatda tanıdıqları üçün bilirlər ki, o sualların altında başqa bir şey yatmır. Və tam rahat cavab verirlər Bunu dəfələrlə demişəm, bəzən qonaqlar tərəfindən elə bir cavab olub ki, fikirləşmişəm ki, bunu efirə vermək düzgün deyil. Özləri istəsə belə düşünmüşəm ki, bunu verməyək. Hər halda tamaşaçı tərəfindən düzgün qarşılanmaz və ya hər hansı reputasiyasına təsir edə bilər. Soruşmüşam özündən, deyib ver, məsləhət olubsa, vermişəm. Onu komandamızla müzakirə edirik, ona görə də fikirləşirəm ki, qonaqlarla mənə çox rahatdır”.
Sənətçi “Bozbash Pictures”dən də söz açaraq layihənin davamını Qarabağda çəkmək arzusunda olduqlarını söyləyib:
“İnşallah, niyə də olmasın. Əgər tamaşaçı bunu istəyirsə, niyə də yox. Və arzumuzdur ki, Qarabağda yeni bölümlər çəkək. Niyə də olmasın, vaxt zaman yəqin ki bunu göstərəcək”.
Söhbət əsasında Orucov “Maşın” şounun TikTok versiyası olan və aparıcı Azər Zahidin təqdim etdiyi “Təkərdə” reality-şousundan da danışıb. O, A. Zahidin televiziyaların sosial platformalara uduzması barədə söylədiyi fikirlərə də münasibət bildirib:
“Azər bizim dostumuzdur. Amma bilmirəm, yəqin ki, o TikTok-da verilişinin reytinqini artırmaq üçün deyib (gülür). Elə bir şey ola bilməz, televiziya bir mədəniyyətdir.
TikTokda hər şey paylaşıla bilər, ədəbsiz insanlar da var, söyüş söyən də, yaxşılar da… O tam başqa bir platformadır. O platforma ilə televiziyanı bir tutmaq düzgün deyil. Azər özü də televiziya işçisi olub, mən fikirləşmirəm ki, onu tam ciddi bir söz kimi deyib ki, televiziyanı üstələyəcək. O düzgün bir şey deyil, Fikrimə etiraz etsə, mən onubu yaxınlarda çağıraram, otuzduraram divana, özüm yox Fəlakət ona lazım olan cavabı verər. Sualı yox, cavabı…(gülür)”.
E. Orucov sonda qızı Selindən də bəhs edib. O, övladının gələcəkdə hansı peşəni seçməsindən asılı olmayaraq, ona dəstək olacağını bildirib:
“İncəsənətə marağını deyə bilmərəm, hələ balacadır, 4 yaşı var. Hələ nə baş verdiyini başa düşmür. Çünki qızımla hər hansı əyləncə mərkəzinə gedəndə bir də görürsünüz gəlib mənlə şəkil çəkdirirlər. Qızım baxır ki, bunlar niyə mənim atamla çəkil çəkdirirlər? Bir az qısqanır”
Video/Fotolar: Hüseyn Həsənov