Müsahibə
Müsahibə

“Dedilər ki, heç özün o uşaqları tanıyırdın?” - Röya Ayxan

“Dedilər ki, heç özün o uşaqları tanıyırdın?” - Röya Ayxan

OLAY son günlər saç rəngi ilə çox danışılan, geyim tərzi və yenilikləriylə gündəmdə olan, ard-arda yeni layihələri ilə dinləyicilərini sevindirən  Xalq artisti Röya Ayxanla həmsöhbət olub. Paytaxt restoranlarının birində səhnə alan pop ulduz kulisdə suallarımızı cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Yeni saç rənginiz maraqla qarşılandı. Bu ani dəyişikliyə necə qərar verdiz?

-Bu rəng üçün daxilimdə iki il hazırlaşmışam. Bir gün qərar verdim ki, bəli, portağal rəng saçda gəzə bilərəm. Düşünürəm ki, geyim və stil də ona görə dəyişdi. Bilirsiniz, riskləri sevirəm. Saç rəngi geyimə daha da bir hava qatır. Çox sevinirəm ki, OLAY məni bəyənib.

-Uzun müddət bu rəngdən istifadə edəcəksiz?

-Hələ ki, saçımı dəyişən deyiləm. Hər kəs bilsin. Çünki ağ, sarı saçlar, öz rəngim... Bu bizim rəngimizdir də, hamı bilir ki, qadın saçını ya açar, ya da tündləşdirər. Düşünürəm ki, özümə yaraşan rəngi seçmişəm. Çünki mənim xoşuma gəlir. Düzdür, makiyajsız özümə baxıram, deyirəm, yox. Amma onun da tərzini tapıram, təqdim edirəm. Ürəyim sıxılır, eyni qala bilmirəm (gülür).

-Bu yaxınlarda yeni fotosessiya etdirdiz. Supərisi oldunuz...

- Əvvəlcə Orçun Mutlu və Elnur Həsənovla İstanbulda hər şeyi olan, lakin darıxan qadın obrazı yaratdıq. Sonra bir mahnımız da təqdim ediləcək. Elbəylə çalışdıq, stilist Murad oldu. Həmin fotosessiya hələ təqdim edilməyib. İkincisi o idi. Üçüncüsü isə partlayış sayıldı. Çünki qara qız supərisi oldu. Bu, mümkün deyil (gülür). Axı onlar ağbəniz, sarışın kimi təssəvvür edilir. Bu rəngin və tərzin ideya müəllifi Anar Ağakişiyevdir. Həyatıma bir rol yazıldı. Biz də dayanmadan fotosessiyalarımızı edirik.  Bundan sonra da davam edəcək, bizim üçün özəl dekorlar tikilib, çox gözəl işlərimiz olacaq. İki gün əvvəl də bir klip çəkdirdik. Cinlə (Ceyhun Zeynalov) duetimiz oldu. “Bəzən” adlı klipdə 60-cı illəri xatırladacam. Bütün aktyorlara, çalışan hər kəsə təşəkkür edirəm.

- Altın Kelebek mükafatlandırma mərasiminə  qatıldınız. Azərbaycanın “Parıldayan ulduzlar”ına  ödül verdiniz. Mərasimlə bağlı fikirləriniz necə oldu?

- Fikirlərimi qoyaq bir kənara... Birinci, onu deyim ki, mən yağışı gözəl olanda, yanında sevgili varsa, gəzərəmsə, sevirəm... Amma bir yerə iş üçün gedirəmsə, saç burulubsa... O günü də sevmədim. Çünki çox gec ödül verdim. Bir az əyləşdim, sonra gördüm gec olur. Onu da bilirsiz ki, mən gündə bir dəfə axşam 7-dən 11-ə qədər olan müddətdə yemək yeyirəm. Saat 9-da Kənana (prodüseri Kənan Bayramov– red.) dedim ki, məni buradan çıxarın, yemək yeməliyəm. Çünki başım fırlanır, heç kimi görmürəm, kim nə oxuyur, kim nə danışır, eşitmirəm, sifət çönür. Haradasa 100 dəfə mən çölə çıxıb gəldim. Saçım dağıldı, makiyajdansa danışmıram, çünki mənim dərim yağlıdır və acıdır. Səhər-günorta axşam nə qədər krem vursam da, yenə də quru görünür. Ən əsası o qədər stressin qarşısında üç gəncin bütün xəyallarını gerçəkləşdirdim.

- Amma “Parıldayan ulduzlar”ımızı tənqid edənlər oldu...

 - Bəlkə də, bəziləri deyər ki, bunlar həyatda nə ediblər? Qoy, heç nə etməsinlər, mən ona ruh verirəm ki, nəsə etsin. Həyat budur. Biz öyrəşmişik ki, deyək, sən o deyilsən, uşağa deyirik ki, filankəsin övladı daha yaxşıdır. Bir dəfə bunu Tünzalə Ağayeva gözəl demişdi. Onda başa düşdüm ki, doğrudan da elədir. Mən bu dəfə böyük addımlar atdım. Bəlkə də kimsə uşaqlardan birini tanımaz. Çoxu mənə sual verdi ki, heç özün o uşaqları tanıyırdın? Dedim, qızlarımızı yutubda görmüşdüm, amma Ayazı (müğənni Ayaz Babayev – red.) uşaqlığından tanıyırdım.

Hər dəfə ona deyirdim ki, uşağım, sən bu sənəti at, başqa iş tap. Buna baxmayaraq, ona mükafat verməyim Allahın böyük lütfüdür. Bizə bilirsiz nə dedi? Dedi ki, böyük loxma ye, böyük danışma. Bəlkə biri yeni başlayıb, Allah belə buyurdu ki, birinci biz ona dəstək olaq. Heç yaşadığım olaydan peşman deyiləm. O yağışdan, saçımın pozulmağından, Elnur Həsənovun çəkdiyi əziyyətdən... Bir az ödülü gec təqdim etdiyim üçün narahat oldum. Çünki mən bizim sənətçiləri sevirəm. Hər bir halda istərdim ki, onları daha tez təqdim edim. Bilirsiz ki, uzun tədbirdir, biz də o vaxta düşdük. Mən hər üçünü də təbrik edirəm. Onlar mənim üçün çox əzizdir. Sevinirəm ki, böyük ürəklə, sevgi ilə onlara ödül vermişəm. Bunu bilsinlər.

- Saç rənginizlə paltarınız da eyni idi. Əslində tədbirin konseptindən tamam fərqli rəng seçmişdiz. Bu fərqliliyiniz də bəyənildi. Gecəyə necə hazırlaşmışdız?

- Əslində ağ rəngdə, dünyaca məşhur brenddən libas geyinməliydim. Onda saçımı ortadan ayırıb yığmalı idik. Mən də dedim ki, onsuz da “Dəli kimi” klipində saçımı ortadan ayırıb, həmin obrazda çıxmışam, bir az fərqli olsun. Biz başqa brendi seçdik. Düşünürəm ki, hər şey gözəl idi. Ən əsası mən özümü çox bəyənirdim. Öz iştirakçılarımızı da bəyəndim, hər kəsə də uğurlar arzu edirəm.

- Aktyor Nicat Rəhimovla “Dəli kimi” klipinizdən söz açmışkən... Sonra məclislərə bir yerdə qatıldınız.

-Çox az hallarda birlikdə gedirik. Sevinirəm ki, mənim əzizimi də dəvət edirlər. Artıq ona qarışmıram. Çünki onu konsertdə, tədbirdə məclis yiyəsi özü istəyir. Bu da mənim üçün xoşdur.

- Hamı soruşur ki, Nicat bəy həmin tədbirlərdən qonorar alırmı?

-Əlbəttə. Mən heç bir dostuma ziyan gətirmirəm. Hər kəsə xeyir gətirən bir qızam. Qonorarsız iş olmaz. Qonorarsız iş görmürəm (gülür).

-Həmin klipdə tərziniz çox diqqət çəkmişdi, Cinlə layihənizdə sizi necə görəcəyik?

- İndiki klipdə biz 60-cı illərin tərzini göstərəcəyik. Çünki bir çox brendlər artıq əvvəlki illərə qayıdır. Yavaş-yavaş yenə də sarı saçlar, buruq karelər, dördkünc sinə quruluşlu paltarlar və brilyantlar, parıltılar dəb olduğu üçün o stildə çəkmişik. Xəbərləri olsun. Mavi və səma rənglərindən istifadə etmişik. Ümumiyyətlə atlas parçalardan istifadə olunub.

-“Dəli kimi”dəki fatanızdan bir müddət istifadə etdiz. Amma son vaxtlar sizi fatada görmürük.

- Görmürsüz. Çünki bitdi, artıq yeni klip çəkilir.

- Məclislərdə soruşmurlar ki, niyə artıq fata taxmırsız?

- Bir dəfə fatadan istifadə etmədən getdim. Gəlinin, ya bəyin anası idi, yadımda deyil. Dedi ki, bizim toya qaldı, sizin fata ilə gəlməməyiniz? Dedim, xanım, artıq bitdi, 4 ay oldu. O xanıma söz vermişəm ki, oğlunun toyuna fata ilə gedəcəm (gülür).

- Oğlunuz Hüseynlə fotonuzu paylaşmışdız. Bakıya tətil üçün gəlib?

-Hazırda Bakıdadır. Haradasa 4 gündür buradadır. Yanvarın 1-i dərsə gedəcək. Yeni ili Bakıda qarşılayacaq.

- Dostunuz Nəsib Nurla bağlı paylaşımınız oldu. Bilirsiz ki, onun başına toylardan birində xoşagəlməz bir hadisə gəldi. Deyəsən, elə eyni tədbirdə idiz. İndi necədir?

-Bəli eyni yerdə idik. Qəzasız-bəlasız Allahın sevimli bəndəsi yoxdur. O da mənim üçün çox əzizdir. Ailəlikcə onları çox sevirəm. Çox normaldır. Hər bir sənətçinin başına gələn haldır. Mənim dostum da dağ kimi adamdır. Onun da öhdəsindən gəlib.

-Həmin toyda türk müğənni Demet Akalın da var idi. Onunla da bir araya gəldiniz. Görüşünüz necə alındı?

-Biz onunla artıq Anarın gözəllik salonunda qarşılaşmışdıq, toyda da görüşdük. Səhnə paylaşmışıq. Nə olmalıdır? Mən öz vətənimdə idim, ondan soruşarsız (gülür).

- Bu yaxınlarda futbolla bağlı videonuz TikTok-da trend oldu.

- İlk dəfə həyatımda o qədər həyəcanla futbola baxdım. Çünki oğlum dedi ki, dostlarımı çağırmışam, onlarla oyunu izləyəcəm. Mənim də o gün bir işim var idi, 1 saatlıq evdən çıxdım, qayıtdım. Onlarla birgə həmin həyəcanı yaşadım. Dedim, yaxşı ki, futbola baxmıram, yoxsa manyak olardım (gülür).

- Demişdiz ki, boşanandan sonra “Qarabağ”ın oyunlarına baxmağa başlamısız...

- Mənim keçmiş həyat yoldaşım da çox futbol sevirdi. Həmçinin, atam da oyunları izləyirdi. Arada elə stress keçirirdi ki, elə bilirdim, nəsə başa verir. Böyüdükcə, anladım ki, bu kişilərin xasiyyətidir, həyəcanlarını belə bildirirlər. Həmin gün də elə həyəcanla evə qayıtdım ki... Bir də işçilərimə hədiyyə söz vermişdim ki, oğlumun dediyi kimi olsa, udsa, hədiyyə alacam. Sevindim, çünki oğlum qazandı. Düzdür, ziyan mənə dəydi, amma yenə də (gülür).

- Çox sağ olun, vaxt ayırdığınız üçün.

-Dəyməz, OLAY. Deyəsən, ailəmizi yaxından izləyirsiniz... (gülür). Bircə onu deyim ki, mən dəyişməyi sevən insanam. On il bundan əvvəl futboldan soruşsalar, deyərdim ki, baxmıram. Amma həyat elə gətirdi ki, oğluma görə izləyirəm. Ona görə həyat bumeranqdır. Etməyəcəm, etmirəm deməyək, sevirəm deyək. Allah da bizi sevsin.

Video/Fotolar: Hüseyn Həsənov