“Allah mənə istədiyim həyat nəsib edib. Bu gün 42 yaşım tamam olur. Bu 42 yaş bir insanın ömrünün yarısıdır. Hətta deyərdim ki, bu bir cəngavərin ömrüdür. Bu illəri hədər yaşamadım. Bu həyatda bir dəfə yaşayıram və bu həyatı insan kimi yaşamaq istəmirəm. İnsan simasından çıxmamaq şərti ilə yaşamaq istəyirəm”.
OLAY yazır ki, bu sözləri “Qonaqcanlı” verilişində doğum gününü qeyd edən müğənni Elnur Məmmədov deyib.
42 yaşına qədəm qoyan ifaçı şəxsi həyatı və sənət yolundan bəhs edib:
“İnsanlar bəzən elə düşünürlər ki, həyat ancaq gördüklərindən ibarətdir. Bəzən insanlar istəyirlər ki, tez nəyəsə nail olsunlar. Amma birdə görürsən ki, tez nail olacağımız bir iş bizə uğuru yox uçurumu bizə nəsib edir. Mən elə düşünməmişəm. Həyatım boyu düşündüyüm bir gün də yaşasam qürurum və mənliyimlə yaşayım. Mənim valideynim mənə övladım, övladım ata, dostum isə dostum deməkdən utanmasın. Məhz bunun üçün yaşayıram. Şükür edirəm ki, valideynlərim yanımdadır. Sevinirəm ki, ismətli və istədiyim kimi ailəm var. Allah mənə bu çətin yolumda addımlamağa kömək oldu. Bu sahə və çalışdığımız camiə çox çətindir. Sənəti bura aid etmirəm. Bu çətinlikdə bəzən uğuru əldə etmək üçün ağırlıqlara dözməyənlər olur. Bəzən elə olur ki, insan özünü istədiyi kimi təqdim edə bilmir. Bu isə insanın bədbəxtliyidir. Sevinirəm ki, Allah mənə özümü olduğum kimi təqdim etməyə izin verib və mən bunu bacarmışam”.
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. İfaçı verilişlərin birində ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Elnurun İnam və Muhamməd adlı iki oğlan övladı var.