Video
Video

Azərbaycan təmsilçisi “Yeni Dalğa”da lider oldu

Azərbaycan təmsilçisi “Yeni Dalğa”da lider oldu

Bu gün Soçidə sayca 20-ci dəfə keçirilən gənc ifaçıların “Yeni dalğa 2024” beynəlxalq musiqi festivalı başa çatacaq. 

OLAY yazır ki, sözügedən festivalda ölkəmizi  “Bakı Payızı – 2023” milli müsabiqəsinin vokal nominasiyasında qalibi, “Səs Azərbaycan” vokal şousunun ikinci mövsümünün iştirakçısı Anar Ağayev təmsil edir. 

Müsabiqənin ilk günündə Anar Ağayevin çıxışını “Yeni dalğa 2024” münsiflər heyətinin üzvü, Rusiyanın Xalq artisti Larisa Dolina belə şərh edib: 

“Sadəcə baş gicəlləndirir, çox qəşəngdir. İnanılmaz gözəl səs, təqdimat, qeyri-mümkün cazibə, söz yoxdur. Mən də fəxr edirəm ki, siz və mən bir şəhərdənik - vətənim Bakıdır, mən Bakıda doğulmuşam. Sizdən eşitmək mənim üçün çox xoşdur. Çox sağ olun!”. 

Üç günlük müsabiqə arxada qaldı, bu müddət ərzində A.Ağayev Murad Arif və Mikayıl Vəkilovun yazdığı mahnıları ifa edib. Müsabiqənin üçüncü gününün yekunlarına görə, peşəkar münsiflər heyətinin səsvermə nəticələrinə görə Anar Ağayev birinci yeri tutub. 

Qeyd edək ki, bu gün yəni avqustun 27-də “Yeni dalğa 2024” beynəlxalq musiqi festivalının müsabiqəsinin qalibi elan olunacaq.  

Yarışmanın bağlanışı isə avqustun 30-da “Rossiya 1” telekanalının efirində nümayiş olunacaq.