Uzun illərdir Azərbaycandan köçüb Norveçdə yaşayan yazıçı Günel Mövlud Rəşad Dağlı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, feysbuk hesabında bunları yazıb:
“Meyxanaçı Rəşad Dağlı qonşusunu bıçaqlayaraq, öldürüb.
Əslində, intellektualların əlinə yaxşı arqument düşüb ki, meyxananın zorakı, fanatik, zərərli sənət növü olduğu barədə fikirlərini bir daha təkrar etsinlər. Gördünüz, biz demişdik axı, bunlar belədirlər...
Heyif ki, məsələ bu qədər sadə deyil. Ölkədə dini fanatizmi, çadranı, zülməti romantikləşdirən, üstəlik milyonluq kütlələrə çıxışı olan bu adamların təmiz, dinc imici olmamalıydı.
“Səhər yeməyi” rubrikamda qonaq olan Seyfulla Mustafayev demişdi ki, aramızda qalsın, amma meyxanaçları şəxsən mən bədbəxt elədim. ANS bədbəxt elədi. Meyxana yarışları onlara olmazın pul gətirdi. Bu pul da intellektual, mənəvi bazası olmayan o adamları narkotikə apardı...
Amma narkotik meyxanaçıların böyük əksəriyyətinin təbliğ etdiyi, romantikləşdirdiyi çadranın, dini fanatizmin yanında uşaq oyuncağıdır. Narkotiklə məşğul olan təkcə özünü, ailəsini bədbəxt edir, şəriət istəyənlər isə milyonların həyatını, yatağını, evinin içini nəzarətdə saxlamaq, idarə etməyə iddialıdır.
Rəşad Dağlı dini, çadranı təbliğ edən meyxanaçıların ən parlaq üzlərindən idi. İndi ölkədə heç kimi nəşə, patı ilə təəccübləndirmək, gözdən salmaq olmur, narkotik adiləşib. Daha aqressiv, daha zorakı imic lazım idi. Bu da onu qatil etmək ola bilərdi. Rəşadın bir azca intellektual bazası olsaydı, qaqa ideologiyasından bir az uzaq olsaydı, bu tələyə düşməyəcəkdi.
Güman ki, Rəşad Dağlı adam öldürən, yaralayan, silahla gəzən son meyxanaçı olmayacaq. Proses başlayıb...”.